RU

“Türkiyə Paşinyanı yanına çəkməlidir, çünki...” - Türk ekspertlə SENSASİYALI MÜSAHİBƏ

“Türk Söhbəti”nin növbəti qonağı türkiyəli dosent, siyasi ekspert Ali Fuat Gökçedir. 

Türkiyə-Ermənistan münasibətləri, Fransanın regiona müdaxiləsi və Türkiyə-İsrail əlaqələrinin gələcəyi barədə suallarımızı cavablandıran ekspert Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin harada imzalanacağı, eləcə də Türkiyənin Yaxın Şərqdəki müharibəyə qoşulma ehtimalı ilə bağlı da bir çox məsələlərə toxunub. 

“Cebheinfo.az” müsahibəni təqdim edir: 

- Ali Fuat bəy, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edir. Lakin hələ də Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır. 

Ermənistan Konstitusiyasının yaxın gələcəkdə dəyişəcəyini düşünmürəm. Əlbəttə ki, Konstitusiyada və gerbdəki ərazi iddiaları Türkiyə ilə əlaqələrin normallaşmasına ciddi zərbə vurur. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəyişiklikləri istəsə belə, revanşistlər ona imkan verməzlər. 

Rəsmi Ankara da bütün bunları diqqətlə izləyir. Ermənistan Konstitusiyasını və gerbini dəyişməsə, Türkiyə ilə münasibətlərin normallaşması uzun bir zaman alacaq. 

- Türkiyə-Ermənistan münasibətləri bundan sonra necə olacaq?

- Bu, tamamilə Ermənistandan asılıdır. Rəsmi İrəvan beynəlxalq hüquqa və bölgədəki ölkələrin ərazi bütövlüyünə hörmət etsə, problem olmaz. Xüsusilə, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olması buna maneə yaradır.

Halbuki, Türkiyənin təklif etdiyi "3+3" formatı Ermənistanı da dirçəldəcək. Bu, erməni xalqının da rifah içində yaşamasına töhfə verəcək. Lakin buna qoşulmaq da, münasibətləri düzəltmək də tamamilə rəsmi İrəvanın atacağı addımlara bağlıdır. 

Hesab edirəm ki, Türkiyə Paşinyanı yanına çəkməlidir. Çünki Paşinyan hazırda Ermənistanda revanşistlərə qarşı mübarizə aparan, bəlkə də sülhü ən çox istəyən siyasətçidir. Bu səbəbdən də onu yanımıza çəkmək lazımdır. Həmçinin, Paşinyan hakimiyyətinin devrilməməsi üçün çalışmalıyıq.

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Bu müqavilənin harada imzalanacağı da maraq doğurur. Bu xüsusda Türkiyənin də adı çəkilir. Tərəflər arasında sülh müqaviləsi Ankara və ya İstanbulda imzalana bilərmi?

- Əslində, bunun olmasını çox istəyərdik. Türkiyə hər zaman qardaş ölkə Azərbaycanla birlikdə Ermənistanın işğalçılıq siyasətinin qarşısında dayandı. Üstəlik, iki ölkənin birlikdə olması bölgə ilə bağlı bir çox siyasi prosesləri dəyişdi, ona yön verdi. Bundan sonra da dəyişdirəcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Ankara və ya İstanbulda imzalanması çox önəmli olar.

Bu, həm psixoloji, həm də Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi baxımından çox əhəmiyyətli addım kimi dəyərləndirilər. Lakin bu ehtimalın bir qədər çətin olduğunu düşünürəm. Məncə, sülh müqaviləsi Rusiya və ya Gürcüstan kimi tərəfsiz bir ölkədə imzalana bilər. 

- Bir az da kənar müdaxilələrdən danışaq. Fransanın son həmlələrinin arxasında dayanan məqamlardan biri də Türkiyənin Cənubi Qafqazdan sııxışdırılmasıdır. Siz necə düşünürsünüz? 

- Dünyadakı ən böyük erməni diasporu məhz Fransada yaşayır. 

Rəsmi Parisin isə bu bölgədəki siyasəti və Ermənistanla münasibətləri hamıya məlumdur. Ümumiyyətlə, hər dəfə Fransada seçkilər yaxınlaşdıqca, siyasətçilər ermənilərin səsini qazanmaq üçün bəzi populist addımlar atırlar. Ümumilikdə götürsək, Fransa Türkiyənin inkişaf etməsini istəmir və hər zaman bu inkişafa hansısa formada mane olmağa çalışır. Ona görə də Türkiyə əleyhinə siyasət aparır. 

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı işbirliyi bölgədəki balansı dəyişdirdiyinə görə Fransa və ABŞ kimi ölkələr vəziyyəti yenidən öz xeyirlərinə dəyişmək üçün müxtəlif addımlar atır, çağırışlar səsləndirirlər. Rəsmi Ankaranın bu formada olan təzyiq və addımlara qarşı hər zaman alternativ varinatları var və bizim dövlətimiz öz siyasətini davam etdirəcək. 

- İsrail mövzusuna da toxunaq. Türkiyə-İsrail münasibətlərinin gələcəyi haqqında nə deyərdiniz? 

- Hazırda Türkiyə ilə İsrail arasındakı münasibətlər tamamilə qırılma nöqtəsinə gəlib. Rəsmi Ankara İsrailin Fələstinə olan münasibətinə görə ona qarşı siyasət yürüdür. İsrailin Fələstinə qarşı hücumu bitənə qədər Türkiyə bu mövqeyindən geri addım atmayacaq. Lakin İsrail hücumlarını dayandırsa və regionda beynəlxalq hüquqa uyğun hərəkət etməyə başlasa, Türkiyə ilə münasibətlər də zamanla düzələ bilər. 

- Son baş verən proseslər fonunda Türkiyənin Yaxın Şərqdəki müharibəyə daxil olma ehtimalı var?

- Bəli, belə bir ehtimal var. Əgər PKK və İŞİD kimi terror qruplaşmaları Suriyada İsraillə birlikdə hərəkət etməyə başlasa, Türkiyə də müharibəyə qoşula bilər. Hətta PKK və İŞİD-lə yanaşı, İsrailə qarşı da addım ata bilər. 

Избранный
33
50
cebheinfo.az

10Источники