RU

Nəcməddin Sadıkovun adı keçən 42.5 milyonluq daha bir cinayət işi

"Hansısa vicdansız mənim imzamdan istifadə edib, pul yeyibsə…”

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin sabiq baş zabiti, 42.5 milyon manatlıq mənimsəmədə ittiham olunan Zahid Niftəliyev bu gün məhkəmə qarşısında dayanmasına görə keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edir.

"Nəcməddin Sadıkov kimilərə görə üstümə şər atılıb”, – Zahid Niftəliyev məhkəmədə vəkili Əli Adıgözəlovun suallarını cavablandırarkən belə deyib.

"Şlyapa Zahid” ləqəbli 69 yaşlı Zahid Niftəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır. O, külli miqdarda rüşvət alma ittihamı ilə başqa bir cinayət işi üzrə iki ildir ki, həbsdədir. Həmin cinayət işi üzrə o, 8 il 6 ay azadlıqdan məhrum edilib.

İndi isə "ATA Bank”dan 2016-cı ildə kredit kimi götürülmüş və qaytarılmamış 42.5 milyon manata görə məhkəmə qarşısındadır.

İttihama əsasən, Zahid Niftəliyev kredit götürmək üçün məqsədyönlü şəkildə "Şahin-CO” adlı şirkət yaradıb. Bu şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə "ATA Bank” ASC-yə saxta məlumatlar təqdim edərək, 2016-cı ildə 12 ay müddətində ödənilmək şərtilə 42 milyon 470 min 885 manat kredit götürərək qaytarmayıb. O, vəsaiti mənimsəməkdə və beləliklə xüsusilə xüsusilə külli miqdarda ziyan vurmaqda ittiham olunur.

Zahid Niftəliyev isə məhkəmədə ifadəsində bildirib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə onun adına yaradılmış şirkətə bankdan kredit ayrılıb. Lakin pulun nə üzünü görüb, nə də kimə çatdığını bilib.

Zahid Niftəliyevin sözlərinə görə, 2016-cı ildə Nəcməddin Sadıkov onu yanına çağırıb, o zamankı vergilər naziri Fazil Məmmədovun dövlət üçün müəyyən işlər görmək istədiyini, bu məqsədlə kredit lazım olduğunu deyib. Beləliklə, Zahid Niftəliyevin adına olan "Şahin-CO” şirkətinə "ATA Bank”dan kredit ayrılıb.

Təqsirləndirilən şəxs məhkəmədə vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb. Vəkili ona sual verərək, bir daha dəqiqləşdirib ki, 42 milyon manat kredit kimin təşəbbüsü ilə götürülüb. Bundan başqa, kreditin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri tərəfindən mənimsənilməsi haqda iddialar nə dərəcədə doğrudur?

Zahid Niftəliyev bu sualları cavablandırarkən əsəbiləşib: "Əslində, orada pul, kredit söhbəti olmamışdı. Mənə demişdi ki, Müdafiə Nazirliyi üçün hansısa işlər görüləcək. Ona görə şirkət açılmalıdır. Hansısa şərəfsiz, vicdansız mənim adımdan, imzamdan istifadə edib, pul yeyibsə…”.

Hakim onun sözünü kəsərək, səsləndirdiyi ifadələrə görə xəbərdarlıq edib.

Keçmiş zabit bildirib ki, adına götürülmüş kreditin ödənilməməsindən keçmiş nazir Fazil Məmmədovun ölümündən sonra xəbər tutub. Fazil Məmmədovun vəfatından iki ay sonra bankın müdiri onu çağıraraq, adına olan kreditin ödənilmədiyini deyib.

Müdafiəçisi xatırladıb ki, cinayət işinin materiallarında Zahid Niftəliyevin kredit götürmək üçün 7 dəfə banka gedib-gəldiyi göstərilib. Lakin təqsirləndirilən şəxs bunu təkzib edib. O bildirib ki, cəmi bir dəfə banka gedərək, sənədlərə imza atıb.

"Mənə kim idi o boyda kredit verən? Bu, Fazil Məmmədovun işi idi”, – Zahid Niftəliyev əlavə edib.

Onun məhkəməsi noyabrın 27-də davam edəcək.

"Şlyapa Zahid” Müdafiə Nazirliyi sistemində işlədiyi dövrdə "Nəcməddin Sadıkovun adamı” kimi tanınırdı. Onunla bağlı digər cinayət işində də Nəcməddin Sadıkovla əlaqələrindən sui-istifadə edərək, rüşvət alıb, müəyyən adamların xidmət yerini dəyişməkdə, ordudan tərxis etdirməkdə ittiham olunurdu.

Tərtər Hərbi Məhkəməsi onu 2023-cü ilin yayında 10 min manat cərimə cəzası ilə azadlığa buraxsa da, noyabrda Gəncə Apellyasiya Məhkəməsi yenidən onun həbsinə qərar verib – Zahid Niftəliyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Nəcməddin Sadıkov 1993-2020-ci illərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi olub. Onun adı Tərtərdə işgəncələrindən tutmuş, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəməyə qədər müxtəlif cinayət işlərində çəkilsə də, nə çağrılıb dindirilir, nə də özü ünvanına səslənən ittihamlara cavab verir.
Избранный
39
arqument.az

1Источники