RU

Deputat: “Zəfərimiz Qərbi Azərbaycana qayıdışı da təmin edəcək”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı.

Azərbaycan 30 ilə yaxın müddətdə məsələni sülh və danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin düşmən işğalçılıq siyasətindən geri addım atmadı, hətta yeni ərazilərə iddia etməyə başladı. Yəni, Ermənistan hakimiyyətlərinin və onlara dəstək verən qüvvələrin uzun illər boyu apardığı siyasət məsələnin sülh yolu ilə həllini tamamilə mümkünsüz etdi. Nəticədə qaçılmaz müharibə baş verdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı və 44 gün ərzində Qarabağı işğaldan azad etdi.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində yarıtmaz fəaliyyətlə məşğul olub:

"ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılmış və Azərbaycan-Ermənistan arasında keçmiş Qarabağ münaqişəsini həll etmək məqsədilə təsis olunmuş qurumdur. Lakin biz sözügedən missiyanın münaqişə dövründə hər hansı bir ciddi uğura imza atmasını müşahidə etmədik. Azərbaycan davamlı xarakter almış erməni təxribatlarının qarşısını almaq, yeni müharibə, yeni torpaqlar hədəflərini sonlandırmaq və ən əsası işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə əks-hücum əməliyyatlarına start verdi və parlaq qələbə nəticəsində prosesi yekunlaşdırdı.

Bununla da ölkəmiz beynəlxalq hüququn pozulmuş tələblərini və BMT-nin dörd qətnaməsinin icrasını təmin etdi. Bu səbəbdən Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyətini qiymətləndirməli olsaq, ilk növbədə qeyri-səmimi fikirlərin, mövcud status-kvonu qoruyub saxlamağa hesablanmış yanaşmaların və Ermənistanın qeyri-şərtsiz dəstəklənməsinin şahidi olarıq".

Millət vəkili vurğulayıb ki, Ermənistan cəzasızlıq mühitində təcavüzkar siyasətini davam etdirirdi:

"Beynəlxalq təcrübədən bəllidir ki, işğalçı dövlətlərə qarşı beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən cəza tədbiri kimi müxtəlif sanksiyalar tətbiq edilir və onlar təcrid olunurlar. Lakin Ermənistan cəzasızlıq mühitində özünün təcavüzkar siyasətini davam etdirməklə yanaşı məhz həmsədr ölkələrin istər siyasi, istər iqtisadi, istərsə də hərbi dəstəyini hər zaman hiss etmişdir.

Bu da öz növbəsində rəsmi İrəvanı növbəti işğallara stimullaşdırırdı. İndi Azərbaycan işğalı sonlandırmaqla regionda yaratdığı yeni geosiyasi konfiqurasiyaya fokuslanıb. Artıq ölü və heç bir siyasi potensialı olmayan Minsk qrupu tarixin tozlu arxivində öz yerini tapıb. Azərbaycan daha ciddi proseslərə, Zəngəzur dəhlizi layihəsini reallaşdırmaq, müəyyən etdiyimiz şərtlər çərçivəsində Ermənistanla sülh müqaviləsi imzalamaq və tarixi missiyanı, Qərbi Azərbaycana qayıdışı reallaşdırmağı hədəfə alıb".

Elmir Mustafa

"Cebheinfo.az"

Избранный
21
cebheinfo.az

1Источники