RU

Pau Kubarsi ağır zədə aldı, üzünə 10 tikiş qoyuldu - Video

UEFA Çempionlar Liqasının “Srvena Zvezda” ilə səfər oyunu (5:2) “Barselona”nın ispan müdafiəçisi Pau Kubarsi üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, ÇL-in Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutan bu oyunun 64-cü dəqiqədə Kubarsi rəqibin müdafiəçisi Uroş Spaiçlə qarşılaşıb və topu ram etmək istəyən serb futbolçu təhlükəli oyunla ispan müdafiəçinin üzünə təpiklə zərbə endirib.

Sapiç sarı vərəqə alıb, Kubarsini isə qan aparıb. Yeniyetmə futbolçu tibbi yardım göstərilməsi üçün dərhal meydandan təxliyə edilib. 67-ci dəqiqədə isə Pau Kubarsinin oyunu davam etdirmək iqtidarında olmadığı məlum olub və müdafiəçi, ispan həmkarı Serxi Domingeslə əvəzlənib.

Oyundan sonra futbolçu cərrahi müdaxiləyə məruz qalıb. Cərrahlar Kubarsinin üzünə 10 tikiş qoyublar. Futbolçu özünə gəldikdən sonra üzündə təbəssüm ifadəsi ilə şəkil çəkdirib və klubun mətbuat xidməti həmin şəkli “blauqrana”nın rəsmi sosial şəbəkə hesabları üzərindən paylaşaraq, “Hər şey “Barsa” üçün” şərhi ilə imzalayıb.

“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik oyundan sonra keçirilmiş mətbuat konfransında Kubarsinin vəziyyətinə dair nikbin çıxışı ilə diqqət çəkib:

“O, yaxşıdır, ona tikişlər vurulub. Amma o, hələ cavandır. Gülümsəyin”, deyə Flik vurğulayıb.

Mərkəz müdafiəçisi Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Yeniyetmə müdafiəçinin Kataloniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib. Gənc oyunçunun “Barselona” karyerası ümumilikdə 40 oyun və 2 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku var.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
46
arena.az

1Источники