RU

Oyundankənar Makron

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüstəm Qaraxanlı yazır...
Bu günə olan məlumata görə, COP29-da iştirak etmək üçün Bakıya Avropadan 31 dövlət və ya hökumət başçısı təşrif buyuracaq. Bunların sırasında ən azı 14 lider Avropa İttifaqını təmsil edir. Almaniya, İtaliya, Niderland, İspaniya, Belçika, Danimarka, Finlandiya kimi dövlətlər qurumun aparıcı üzvləridirlər. Bu ölkələrin liderlərinin COP29-da iştirakı məntiqlə, son bir neçə aydır "qoca qitə"nin müxtəlif siyasi institutlarında, əsasən də Avropa Parlamentində Azərbaycana qarşı aparılan təbliğatın effektinin sıfıra bərabər olduğunu göstərir. "İnsan hüquqları", "erməni əsirləri", "neft ölkəsi və iqlim dəyişikliyi" barədə hay-küyü özləri qaldırıb, özləri də dinləyiblər...
Bakıya gələcək avropalı liderlər arasında demək olar ki, hamını görmək olacaq. Britaniyanın baş nazirindən tutmuş Aİ-yə son üzv olan Bolqarıstanın prezidentinədək. Almaniya, İtaliya, İspaniya kimi aparıcı təmsilçilərin Bakıdakı qlobal tədbirdə ən yüksək ranqda iştirakı Azərbaycanın beynəlxalq müstəvidə malik olduğu müsbət reputasiyanın göstəricisidir. Bizə qarşı neqativ səpgidə köklənmiş, Fransanın təşəbbüskarı olan azərbaycanofob aksiyaların fəal iştirakçıları - Benilüks dövlətlərinin belə liderlərinin Bakıya səfər qərarları Parisin Qafqaz siyasətinin iflasa uğraması deməkdir.
Bakıya Avropanın söz sahibi dövlətlərindən yalnız Fransa liderinin gəlməyəcəyi məlumdur. Düzü, onu burada gözləyən də yoxdur. Gürcüstandakı seçkilərdə "burnu ovulan", Yaxın Şərqdə İsrailin zərbələri ilə satellitləri sıradan çıxan, Kamala Harrisə ümid bəsləyib, Donald Trampa təbrik zəngi etməyə məcbur qalan Makron özü-özünü oyundan kənar vəziyyətə salıb. Təəssüf ki, Fransa lideri düşdüyü bataqlığa Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni də çəkə bilib. Xanım Lyayenin əvvəl Bakıya gələcəyi bildirilsə də, sonradan onun iş cədvəlinin "sıxlığ"ı COP29-da iştirakına maneə olub. Hərçənd qaz arxasınca gəlməyə vaxt tapırdı. Özü yıxılan, ağlamaz...
Avropa total basqı altıdadır və heç də ən rəvan dövrünü yaşamır. Ukraynadakı müharibəyə axıdılan milyardların heç bir nəticəsi görünmür. Bu tərəfdən də müharibəyə qarşı olan, təhlükəsizliklərini ABŞ hesabına təmin edən avropalıları tənqid atəşinə tutan Tramp yenidən prezident seçilib. Ağ evin 45-ci və 47-ci sahibi ilə körpüləri yandıran Avropa liderlərinin ümidi respublikaçı prezidentlə isti münasibətləri olan Macarıstanın baş nazirinə qalıb. Avropa Siyasi Cəmiyyətinin sammitində iştirak etmək üçün Viktor Orbana qonaq gələn qitə liderləri ABŞ-nin yeni hakim elitası ilə münasibətləri tənzimləməyin yollarını arayırlar. Anqlosakson sistemin aparıcı qüvvəsi olan Böyük Britaniyanı istisna etsək, bu gün Trampa ən yaxın avropalı lider özünü Türk Dünyasının ayrılmaz parçası hesab edən Macarıstanın baş naziri Orbandır. Macarıstan o dövlətdir ki, cəmi 2-3 həftə əvvəl Aİ-də ona çıxdaş üzv kimi baxırdılar və "mərkəzdənqaçma" meyillərinə görə sərt tənqid edirdilər. İndi Avropa anqlosakslarla türklərin arasında qalıb...
Makron bardağını sındıran tünd sirkə kimidir. O, heç Ermənistana göndərmək istədiyi artilleriya qurğularını belə ünvanına çatdıra bilmir - Gürcüstan icazə vermir. "Kiçik bacı"nın Azərbaycanla yekun sülh sazişini imzalamağa tələsməsi Fransanın fərasətsiz rəhbərini geosiyasi vakuuma salıb: ip gedib, "o" da getməkdədir. Təskinliyi Fransa şəhərlərinin bələdiyyə başçılarının Ermənistanın Azərbaycanla sərhədini seyr etməyə gəlmələrində tapır. Bir azdan sonra bu "müşahidəçilər" Azərbaycanın qərbindən Naxçıvana uzanan Zəngəzur dəhlizini seyr etməli olacaqlar. Bu gün isə Avropanın liderləri Bakıda, separatçılar həbsdə, Tramp taxtda, yekun sülh sazişi masada. Nəyin yiyəsi oldun, cənab Makron?
Избранный
39
oxu.az

1Источники