RU

Azərbaycanlı ləyaqətinin təntənəsi

Zəfər özü olmaq, öz mahiyyətinə varmaqdır.
Martin Haydegger
Zəfərin fəlsəfəsi haqqında


“Zəfər” anlayışını müxtəlif anlamlarda işlədirlər. O, bir mübarizə prosesinin yekununu ifadə edir. Tərəflərdən birinin qalib olmaq daxili yaşantısını əks etdirə bilir. Zəfər həm də etirafdır. Zəfər təntənədir, dünyaduyumunun tamlığıdır. Bunlardan başqa, zəfər həm də xalqın yeni dövrünün başlanğıcıdır!

Martin Haydegger zəfərin məna çalarlarından iki mühüm fəlsəfi nəticə çıxarır. Birincisi, zəfər – həyatda qalmaq kimi. İkinci, özü olmaq, “öz mahiyyətinə varmaq” kimi. Bu iki aspektin sintezində zəfər şəxsi və toplum miqyaslarında özyetərliliyinin tarixi “şəhadətnaməsidir”!

Bunları ümumiləşdirsək, belə bir fəlsəfi tezis alırıq: “Zəfər – yaddaş, mədəniyyət, sülh, humanitarlıq və insan ləyaqətinin vəhdətidir”! Yəni zəfər hər şeydən öncə, şəxsiyyətin və xalqın mənəvi dəyəridir. Bu dəyər müxtəlif mənəvi dəyərləri vahid aksioloji (əxlaqi, mənəvi, mədəni) sahədə birləşdirir. Bu da Zəfərin konkret mədəniyyətdə ümumi birliyi ifadə etdiyini göstərir! Zəfər dərin mənəvi qaynaqlara malikdir! Ona görə də zəfər xalqın məxsusi humanitar və fəlsəfi mədəniyyətinin təməlində ucalan “Qaliblik monumentidir”! Zəfər elə bir mənəviyyat abidəsidir ki, insanın gücünün və özyetərliliyinin yüksəlişinin, onun yaradıcı iradəsinin reallaşmasıdır (Fridrix Nitşe)!

Qaliblik kompleksi

Müdriklər xəbərdar edirlər – qaliblik kompleksinin öz simptomları vardır! Onların təsiri altına düşməmək gərəkdir. Qaliblik duyğusu insanı ifrat üsyançı edə bilər. Hər şeyə etirazçı yetişə bilər. Ruhun yüksəlişi yanlış bir mövqeyə gətirib çıxara bilər ki, insan özünü hər kəsdən üstün tutmaq fikrinə düşər. Bu da hədsiz hüquq tələbi, başqalarına nisbətən xüsusi imtiyaza sahib olmaq haqqı kimi duyğular yarada bilər.

Bunlarla yanaşı, qaliblik sindromu fərd və kollektiv səviyyədə arxayınçılıq formalaşdıra bilər. Bu, tədricən təşəbbüsü əldən vermək, passivləşmək və gerçəkliyi adekvat dərk etməmək deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə həm xəbərdarlığını etmişdir və həm də çıxış yolunu göstərmişdir! Dövlət başçısı böyük zəfərdən arxayınlaşmamağı, bundan sonra da fəal olmağı, Vətən və dövlət üçün yorulmadan çalışmağı tövsiyə etmiş, konkret vəzifələri də göstərmişdir. Ölkənin bütün sferalarda inkişafının fəlsəfəsini açmışdır, strateji hədəfini göstərmişdir.

Qalib xalq, qalib ordu, qalib əsgər və, ümumiyyətlə, qalib azərbaycanlı çalışqan, təşəbbüskar və azərbaycançı olmaqda davam etməlidir! Zəfərin əsl mahiyyəti bunu tələb edir. Zəfər anlayışı bu mənəvi, mədəni, əxlaqi keyfiyyətlərin feili reallaşmasının qaynağı, stimullaşdırıcısıdır! Azərbaycan qaliblik kompleksinə düşmədi və heç zaman düşməyəcək!

Böyük Zəfərə aparan yol

Bu yol 1993-cü ildən başlamışdır. Ulu öndər Heydər Əliyev “fəxr edirəm ki, mən azərbaycanlıyam” tarixi kəlamı ilə milyonlarla azərbaycanlını vahid ümumi mənəvi-mədəni və ideoloji cəbhədə səfərbər etdi. Bu səfərbərliyin strateji hədəfini də dəqiqliklə göstərdi – azərbaycançılıq!

Azərbaycanlılar fərd kimi cəmiyyət mənsubluqlarından fəxarət hissi duyaraq, azərbaycançı olmağı, Vətəni sevməyi, dövlətçiliyə sədaqətli olmağı, adət-ənənəyə, dilə, dinə sadiqliyi şüurlu surətdə qəbul edərək Zəfər yoluna çıxdılar! 2020-ci ilin payızı bu yolun ilk mərhələsinin finişi oldu. Həmin mərhələ göstərdi ki, Ulu öndərin tövsiyələri ilə azərbaycanlılar fərd və toplum miqyaslarında özlərinə qalib gəlmişlər! Son 300 ilin pessimist psixoloji baryerini aşmışlar. Azərbaycanlılar qalib gəlmək üçün lazım olan ümumi mədəni, mənəvi və ideoloji bazanı yaratmışlar! Toplum olaraq Azərbaycan dərin dövlətçilik ənənsinə malik olduğunu və onu yaddaşına silinməz surətdə həkk etdiyini təsdiq etmişdir!

Döyüş meydanının dramatizmi

Sözün həqiqi mənasında, döyüş meydanı liderin aparıcı və Ali Baş Komandan olaraq yüksək zəkasının və iradəsinin, xalqın kollektiv kimi mübarizliyinin, ordunun bir müdafiə sistemi və azərbaycanlıların fərd olaraq savaşlarının sınaq məkanı idi. 2020-ci il sentyabrın 27-dən başlayan bu praktiki sınağın hər anı və günü dramatik proseslərlə müşayiət olunurdu. Çünki Avrasiya məkanında ilk dəfə idi ki, son 50 ildə müstəqil dövlət təkbaşına böyük güclərin havadarlıq etdiyi bir təcavüzkarla hərbi və informasiya mübarizəsinə qalxmışdı. Azərbaycan öz lideri, xalqı, ordusu, dövlət qurumları və əsgəri ilə eyni zamanda, bir neçə istiqamətdə əsl azadlıq savaşı aparırdı. Zəfərin fəlsəfəsinin ilk şərti olan ümumxalq birliyi, ideya, mənəviyyat, Vətən və dövlət sadiqliyi bu anlarda özünü sübut etdi. Bu, Böyük Zəfərin ilk müjdəçisi idi!

Prezidentin inamlı, qətiyyətli, yüksək zəkalı fəaliyyəti, Ali Baş Komandan kimi çevik və ağıllı qərarları bütün ölkə üçün bir örnək oldu. Böyük Zəfərin manifestə çevrilməsinin mərkəzi faktoru bundan ibarətdir. Liderin bu keyfiyyələri dramatik bir dinamikaya malik hərbi mübarizədə qalib olmağın çox ciddi motivəedici qüvvəsi oldu.

İndi döyüş səhnələrini xəyalımızda bir də canlandırırıq və görürük ki, Azərbaycan əsgəri var gücü ilə savaşırdı, qəhrəmanlıq və sədaqətlilik nümunəsi göstərirdi. Bütün mübarizə müddətində bir nəfər də olsun fərarinin olmaması dünya nümunəsidir. Liderinə, ailəsinə, xalqına, Vətəninə, dövlətinə sıx bağlılıq Azərbaycan əsgərini şücaətli və fədakar etmişdir! Onun daxili fədakarlıq passonarlığı çox yüksək səviyyədə idi! Böyük Zəfərin hərb meydanındakı “qaliblik naxışları”nın memarları qəhrəman Azərbaycan əsgəri idi!

Şuşa müasir Zəfər tariximizin və yaddaşımızın ayrıca bir səhifəsi, bənzərsiz rəmzidir. Bu şəhərin azad edilməsi yalnız hərbi şücaətin nəticəsi deyildir. Burada liderin cəsarətinin, ordunun şücaəti ilə peşəkarlığının vəhdətinin, fərdi rəşadətlə kollektiv əzmkarlığın Qələbə çələngini hörməyin birliyi vardı.

Dünyanın heç bir ordusu hələ bu yüksəlişə nail ola bilməmişdir. Şuşa uğrunda savaş dünyanın hərb tarixində qalib gəlməyin yeni səhifələrinin açılmasını ifadə edir. Bu anlamda Şuşa uğrunda aparılan mübarizə dünya hərb tarixinin Zəfər manifestlərindən biridir!

Azərbaycanın Zəfər yolu zamanca 44 gündə cəmləşdirilə, rəmzi olaraq məzmunlaşdırıla bilər. Bu, faktiki olaraq 44 mərhələli yüksəliş prosesinin simvoludur. Çünki Azərbaycan Prezidentinin vurğuladığı kimi, ordu hər gün irəliləyişdə olmuşdur. Hər gün zəfərə aparan yolun bir “dayanacağıdır”. Eyni zamanda, Azərbaycanın dövlət olaraq iradəsini, azadlığını, suverenliyini əzmlə ortaya qoymasıdır.

Onu dramatik edən faktorlar sırasında kənardan Azərbaycana göstərilən təzyiq cəhdləri xüsusi yer tutur. Çünki onların miqyası və nəzərdə tutduqları təsir gücü elə səviyyədə idi ki, buna yalnız yüksək müqavimət iradəsi, azadlıq sevdası, yenilməz gücü olan dövlət sinə gərə bilərdi.

Bu sözlərin məntiqində Azərbaycan Prezidentinin o günlərdə təkbaşına həmin təzyiq cəhdlərinə, onları çatdıran informasiya orqanlarına qarşı verdiyi tarixi mücadilənin əsas məqamları yer almışdır. İlham Əliyev yorulmadan mübarizə apardı, özünün, dövlətin, xalqın, ordunun, Azərbaycan vətəndaşının haqq səsini inamla ifadə etdi. Bu məqamlar Böyük Zəfərin döyüş meydanında, diplomatiya sahəsində, informasion-psixoloji mühitində akkordları və ritmləridir. Bunlar Vətən müharibəsinin tarixi anları, gerçək fraqmentləridir!

Yeni zəfərlərin başlanğıcı

Biz zəfərin fəlsəfəsində yalnız müharibə müddətində qazanılan qələbələr kontekstini izah etməklə kifayətlənməməliyik. Çünki bu zəfər həm də gələcək fəaliyyət üçün bir təməl, başlanğıc nöqtəsi və motivedici fenomendir. Azərbaycanın Zəfər Günü həm də gələcək zəfərlərin müjdəçisidir.

Perspektiv gələcəkdə onun əsas əlamətlərini dövlət başçısı ifadə etmişdir. Ümumi halda onu “Yeni tarixi mərhələ” adlandırsaq, zəfərlər bütün sahələrdə qazanılacaq uğurlar və nailiyyətlərin kompleks halında Azərbaycanın dövlət və cəmiyyət olaraq növbəti inkişaf mərhələsinə çıxmasının rəmzi olacaqdır.

II Qarabağ müharibəsinin Zəfər simvolu kimi psixologiyamız, şüurumuz və davranışlarımız üçün ən qiymətli töhfəsi bundan ibarətdir. Bu zəfər sonrakı zəfərlərin təməli kimi tarixi mənaya malikdir. Bu şans müharibədən qalib çıxan hər bir dövlətə qismət olmur. Azərbaycan təcrübəsinin özünəməxsusluğu onu təmin etmişdir.

Savaşın strateji mənası

Vətən müharibəsinin strateji mənası Azərbaycan üçün faktiki şəkildə yeni tarixi mərhələnin başlanmasının əsas motivəedici faktoru olmasından qaynaqlanır. Reallıqda bizim dövlət və millət olaraq yeni tarixi mərhələyə qədəm qoymağımız ərazi bütövlüyünü və suverenliyi tam bərpa etməmiz ilə sıx bağlıdır. Əgər bu anlamda Zəfər olmasaydı, yeni tarixi mərhələ də başlamayacaqdı. Deməli, Zəfər xüsusi fenomen, hadisə və proses olaraq özündə strateji hədəfləri müəyyən etmək zərurətini də daşımaqdadır.

Müqəddəs olduğu qədər də məsulyyətli bir məqamdır. Azərbaycan dövlət və cəmiyyət olaraq elə kurs seçməli idi ki, yeni qalibiyyətlərə aparıb çıxarsın. Zəfər bu kursun əsas müddəalarını müəyyən etməyin istiqamətini göstərdi. Prezident həmin məqamları sistemli şəkildə strateji inkişafa aid olan sənədlərdə ifadə etmişdir. Onlar sosial, siyasi, iqtisadi, enerji, psixoloji, mənəvi-mədəni, əxlaqi və digər sferaları əhatə edən davamlı yeniləşmə ilə bağlıdır.

Azərbaycanın strateji hədəfi qüdrətli demokratik dövlət və yüksək rifah cəmiyyəti olmaqdan ibarətdir (strateji sənəddə bu göstərilmişdir). Deməli, 2030-cu ildə zəfərimiz qüdrətli, demokratik dövlətlə yüksək rifaha malik cəmiyyətin harmoniyası olacaqdır. Vətən müharibəsindəki Zəfərin Böyük Qayıdış, Böyük Millət Quruculuğu, Qərbi Azərbaycan məsələsinin aktuallaşdırılması, Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi və qlobal güclərdən birinə çevrilməsi, Naxçıvan–Şuşa–Qarabağ bəyannamələrinin vahid sistem kimi ruhunu və enerjisini reallaşdırması əzmini, qeyrətini və qürurunu yaratdığı kimi, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti də Azərbaycanın dünyanı ən inkişaf etmiş dövlətləri sırasına yüksəlişini təmin edəcəkdir! Bununla ərazi bütövlüyü və suverenliyin tam təminində yüksələn dövlət və cəmiyyət modelinə keçidin Azərbaycan nümunəsi tarixə düşəcəkdir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Избранный
16
xalqqazeti.az

1Источники