RU

“ACWA Power” də COP29-un tərəfdaşıdır

Dünyanın ən böyük duzsuzlaşdırılmış su təchizatçısı, “yaşıl” hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə lider olan “ACWA Power” şirkəti COP29 tədbirinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib.

Səudiyyə Ərəbistanı şirkəti COP29 tədbiri zamanı davamlı enerji və su həllərinə dair ciddi ehtiyac barədə məlumatlılığı artırmaq məqsədilə öz platformasından istifadə edəcək. Şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikal platformadan yararlanmaqdır. Dialoq və ideya mübadiləsi vasitəsilə “ACWA Power” COP29-un rəsmi tərəfdaşları ilə birlikdə enerji keçidində irəliləyişə nail olmağı və öz davamlılıq təşəbbüslərini nümayiş etdirmək fürsətindən yararlanmağı planlaşdırır.

“ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli bildirib ki, Bakı konfransı enerji keçidinə doğru addım atan hər kəsə bərpaolunan enerji və su təhlükəsizliyi həllərini genişləndirmək üçün zəruri olan mütərəqqi siyasətləri müdafiə etmək imkanı verir. Onun sözlərinə görə, COP29-a qatılmaqla “ACWA Power” şirkəti qlobal tərəfdaşlıqlarını gücləndirir, yalnız bərpaolunan enerji sahəsində deyil, həm də hər kəs üçün davamlı və ədalətli bir gələcək yaratmaqda lider olaraq mövqe qazanır.

“ACWA Power”in öz qarşısına 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq kimi iddialı məqsədlər qoyduğunu vurğulayan baş icraçı direktor deyib ki, “NEOM yaşıl hidrogen layihəsi” kimi aparıcı layihələr şirkətin iqlim dəyişmələri ilə mübarizənin fəal iştirakçısı olmaqla yanaşı, həm də qlobal miqyasda iqtisadi artım imkanları yaradan innovativ həllər təklif etməsinin göstəricisidir.

Qeyd edək ki, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılan “ACWA Power” şirkətinin hazırda 4 mindən çox işçisi var. Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərən şirkətin portfoliosu 94,3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji ilə yanaşı, gündə 8 milyon kubmetr duzsuz su hasil edə bilir.

Yeri gəlmişkən, “ACWA Power” şirkəti Azərbaycanın da “yaşıl” enerji sahəsində əsas tərəfdaşlarından biridir. Şirkət hazırda ölkəmizdə 240 meqavatlıq “Xızı-Abşeron” külək enerjisi stansiyasının inşasını həyata keçirir. Stansiyada quraşdırılacaq hər birinin gücü 6,5 meqavat təşkil edən 37 külək turbini vasitəsilə ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməklə 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Bundan əlavə, şirkət Azərbaycanın Energetika Nazirliyi ilə ölkədə 1 qiqavat gücündə yerüstü və 1,5 qiqavat gücündə dəniz külək elektrik stansiyalarnın tikintisi imkanlarının öyrənilməsi və hidrogen layihələrinin həyata keçirilməsi ilə bağlı memorandum imzalayıb. Bundan əlavə, “ACWA Power” həm də Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası yaratmaq təklifinə müsbət cavab verən iki şirkətdən biridir. Belə ki, adı çəkilən şirkət növbəti mərhələdə bu ərazilərdə külək və günəş elektrik stansiyalarının tikintisini məqsədəuyğun hesab etdiyini bildirib.

 

Избранный
19
5
xalqqazeti.az

6Источники