RU

Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı Zəfər Günü qeyd olunur.

Azərbaycan 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlara başlayaraq, bir çox ərazilərini azad etdiyini bildirib.

2020-ci il noyabrın 8-də Azərbaycanın Şuşa şəhəri azad edildiyi üçün bu gün Azərbaycanda Zəfər günü kimi qeyd olunur.

Paytaxtda, eləcə də ölkənin digər şəhər və rayonlarında Zəfər günü ilə bağlı yürüşlər keçirilir.

2023-cü ilin sentyabrında Qarabağda “antiterror tədbirləri”ndən sonra Xankəndi şəhərinin geri alınması ilə Azərbaycan öz suverenliyini bərpa etdiyini bildirib.

Rəsmi Bakının sentyabrın 19-da keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğvini bəyan etmişdi. Bundan sonra azərbaycanlı hərbçilər Xankəndi şəhərinə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancmışdı.

“Antiterror tədbirləri” nəticəsində Qarabağı 100 mindən çox erməni tərk edib, Ermənistan hökuməti həmin vaxt açıqlayıb.

Rəsmi Yerevan ermənilərin köçünü “etnik təmizləmə” adlandırsa da, Bakı bu ittihamları qəbul etmir. Rəsmi Bakı Qarabağda könüllü qalan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini və onların bütün hüquqlardan istifadə edəcəyini bildirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibədə tərəflər ümumilikdə 7 mindən çox hərbçisini itirib. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.

İkinci Qarabağ müharibəsindən 4 il keçməsinə baxmayaraq, hələ də Azərbaycan və Ermənistan arasında sülh razılaşması imzalanmayıb.

Избранный
30
bbc.com

1Источники