RU

Bu gün bir arzu tutun...

O gün sanki təkcə yeni doğulacaq körpələr dünyaya gəlməyə tələsmirdi. Bu balacalar bir balaca da gözləsələr, qalib ölkənin vətəndaşları kimi doğulacaqlar... 

Həmin gün televiziya kanallarımızda anons gedir: 

- Bir azdan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti yayımlanacaq.

Vaxt getmirdi, bu “bir azdan” 28 ildən çox çəkir sanki... İnsanlar, daha çox özünün göstəriləcəyinə əmin olanda televizor qarşısında belə həvəslə, həm də qohumlarını da bundan xəbərdar edərək əyləşir. Əslində, bu dəfə də bir fərqi yox idi - səslənəcək “Şuşa, sən azadsan!” cümləsi ilə biz həm də özümüzü tapacaqdıq...

Prezident əvvəlcə Ulu öndər Heydər Əliyevə məruzəyə getmişdi...

Redaksiyamıza müraciətin məkanı öncədən məlum olmuşdu - Şəhidlər xiyabanı. Ədalətli seçim idi, zəfər xəbərini əvvəlcə bu torpaq uğrunda canından keçənlər, daha sonra keçməyə hazır olanlar eşitməliydi. 

Bu xəbərdən sonra onlar rahat uyudu, bizim də həmin gün gözümüzə sevincdən ta səhərə qədər yuxu getmədi...

Efir başlayır, Prezident 28 il əvvəl işğal olunan Şuşanın azadlığını çıxışının heç 28 saniyəsi tamam olmamış böyük fəxarət hissi ilə bəyan edir. 

O gündən sonra təqvimdə 9 noyabr 8-ə qucaq açır. 8, 9-un ədalət məhkəməsində bütün mülki iddialarını təmin etmişdi. Bayrağın bütün varlığı, ona məxsus əraziləri, evləri, torpaqları, yüksəklikləri, dağları özünə qaytarılmışdı.

Azərbaycan əsgəri böyrü üstə qalıb sonsuzluğu (∞) xatırladan 8-i dirçəldib zəfər nişanəsi etmiş, Zəfər isə bayrağa dayaq, dirək olmuşdu.

Fikirləşirəm, hər adda şəhidimiz var - hətta Albert, Gökhan, Dmitri də. Bu adlar bizə bu adda bir günü, bu adda bir prospekti, bu adda bir parkı - ümumilikdə isə bütöv bir Azərbaycanı əmanət qoyub getdi.

Bu gün 8 Noyabrla hamı Zəfər parkına gedir. Sabah da - 9-u Bayrağımızın günüdür. İki günün arasında dayanıb bir arzu tuturam:

- Allah bu bayrağı o dirəkdən ayırmasın!

 

Избранный
28
2
avtosfer.az

3Источники