RU

Fransanın erməni sevdalı “france24” mediası Şuşa və Xankəndindən yazıb

Ermənilərin xüsusi məhəbbətlə sevildiyi Fransanın nəhəng “france24” media mərkəzi keçmiş Dağlıq Qarabağla bağlı yekə bir məqalə yazıb. Məqalənin ana xətti odur ki, Azərbaycan 2023-cü ilin sentyabrında Dağlıq Qarabağı ələ keçirib və elə o vaxtdan da ermənilərin min illərlə yaşadığı ərazidə ermənilərə məxsus olan bütün mədəniyyət abidələri, erməni memarlığı məqsədli şəkildə Azərbaycan tərəfindən məhv edilir.

Ermənilər və onların havadarları Qərb mətbuatında bu mövzu ilə bağlı tez-tez “həyəcan təbli çalırlar”...

Sözüm onda deyil. Sadəcə bu məqalədə gedən bir cümlə üzərində dayanmaq istərdim. Dedyilir ki, Azərbaycan Stepanakerti ələ keçirəndən sonra onun adını dəyişib Xankəndi qoyub...

Təbii ki, fransız oxucusu, bütövlükdə Qərb auditoriyası Qarabağın tarixini bilmir. Bu məqalənin müəllifi olan Guillaume Maurice kimi yazarlar da bu amildən istifadə edərək oxucuya yalan məlumatlar sırıyırlar.

Bu məsələyə İlham Əliyev də ingilisdilli çıxışlarının birində toxunmuşdu. Söhbətin mahiyyəti belədir ki, 1923-ci ildə Xankəndinin adı dəyişdirilib. 1923-cü ildə şəhər statusu alan Xankəndi 26 Bakı komissarının rəhbəri olmuş Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Rəsmi qaynaqlarda qeyd olunur ki, Xankəndi adı 1847-ci ildə Rusiya tərəfindən rəsmən istifadə olunub. Deməli, 1847-ci ildən 1923-cü ilə qədər bu yaşayış məntəqəsinin adı rəsmən Xankəndi olub. Bu, birmənalıdır, yəni bu məsələdə mübahisəlik bir şey yoxdur...

Erməni tarixçiləri isə iddia edir ki, bizim eranın V əsrində indiki Xankəndinin ərazisində Vararakn adlı erməni kəndi olub. Bəzi mənbələrdə isə bu kənd Qafqaz Albaniyasına məxsus kənd kimi göstərilir...

O da birmənalıdır ki, Qarabağ xanlığı 1748–1822 illər arasında mövcud olub. Xankəndi də öz adını “Xanın kəndi” anlamından götürür...

Səfəvilər sülaləsi 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövləti idarə edib.

Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qızılbaşların isə türk olmasına kimsənin şübhəsi yoxdur...

Mustafası o ki, son 500 ildə Qarabağ total şəkildə türklərin nəzarətində olub.

Tarixdən o da məlumdur ki, Xankəndi Qarabağ xanlığının ll xanı olan İbrahimxəlil xan Cavanşirin mülki olub. Məhz Xankəndində məşhur Qarabağ atları saxlanılıb...

Şuşa şəhərinin əsası Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir (1748– 1763) tərəfindən 1752-ci ildə qoyub. Öncə bu şəhər həm Şuşa, həm də Pənahabad adını daşıyıb. Qala kimi də tanınan Pənahabad 1822-ci ilə kimi-yəni Qarabağ xanlığının süqutuna kimi paytaxt olub. Və bundan sonra şəhərin adı Rusiya imperiyası tərəfindən siyasi səbəbdən yalnız Şuşa kimi tanınıb.

Ermənilər iddia edir ki, bu şəhərin adı hazırda Xocalı rayonu ərazisində olan Şuşikənd toponimindən gəlir.

Şuşanın azərbaycanlılara məxsus bir şəhər olduğu qətiyyən şübhə doğurmur. Ən azı ona görə ki, Şuşada tarixən 17 məhəllə olub və bütün məhəllələrin də adı türkcədir...

Hər birimiz, xüsusən gənclərimiz tariximizi dəqiq bilməlidir. Bizə qondarma tarix lazım deyil. Olub-keçənləri bilmək bizim üçün yetərlidir...

Elbəyi Həsənli

visiontv.az



Избранный
18
visiontv.az

1Источники