RU

Ehtiyatda olan hərbçi: “Döyüşün ilk günlərindən şəhid olmaq niyyətim yox idi”

Bu gün Azərbaycanda Zəfər Günüdür. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir.

8 Noyabr həm də Qarabağın baş tacı olan Şuşanın azad olunduğu gündür. Şuşanın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də Elşən Əliyevdir. O, Şuşaya daxil olan, düşməni məhv edərək Azərbaycan torpaqlarını azad edən hərbçilərimizdəndir.

News24.az bildirir ki, sumqayit24.az qəhrəman hərbçi Elşən Əliyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Elşən bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən Elşən Novruzəli oğlu Əliyev 1991-ci il yanvarın 1-də Biləsuvar rayonunda anadan olmuşam.

Hazırda Sumqayıt şəhərində yaşayıram. Əslində ixtisasca ingilis dili müəllimiyəm. Lakin hərbçi olmaq arzusundaydım. Buna görə də 2013-cü ildə Xüsusi Təyinatlı Qüvvələrə mənsub olmaq üçün orduya qatıldım. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir olmaq üçün təhsil aldım. Orada üç ay xidmət etdikdən sonra 052 hərbi hissənin kursuna qatıldım və 2014-cü ilin yayından Xüsusi Təyinatlı Qüvvələr mənsubu adını qazandım.

– Necə oldu ki, döyüşlərə qatıldınız?

– 2014-cü ildən bu günə qədər bütün döyüş əməliyyatlarında iştirak etmişəm. 2014-2016-cı illərdə post əməliyyatlarında, 2016-cı ildə Aprel Döyüşlərində və nəhayət, 2020-ci ildə isə Vətən müharibəsindəki döyüşlərdə iştirak etdim. Torpaqlarımızı düşmən tapdağından xilas etmək mənim uşaqlıq arzum idi.

– Hansı istiqamətlərdə döyüşmüsünüz?

– Vətən müharibəsində ilk olaraq Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarıda müharibəyə qoşuldum. Bir neçə gün sonra isə Füzuli istiqamətində gedən döyüşlərə qatıldım.  Ümumilikdə Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərin iştirakçısıyam. Atəşkəs olan günə qədər döyüşdüm. Bir neçə dəfə xəsarət alsam da, döyüşə davam etdim.

“Başladığımız işi bitirməliydik”

– Torpaqlarımızın düşmən tapdağından azad olunmasında payımın olmağını istəyirdim. Artıq bu istək arzuya çevrilmişdi. Şükür ki, qismət oldu. Döyüş başlayanda çox sevinirdik. Çünki başladığımız işi bitirməliydik. Bunu da etdik.

– Müharibədə hansı məqamlarda ailəniz ağlınıza gəlirdi?

– Müharibədə ailəmiz ümumiyyətlə ağlımıza gəlmirdi. Çünki onun üçün zamanımız belə olmurdu.

– Qələbə xəbərini eşidən zaman hansı hisləri keçiridiniz?

– Şuşaya yol aldığımız zaman mən xəstə idim. Güclü soyuqdəymə diaqnozu qoyulmuşdu və yüksək hərarətim var idi. Buna baxmayaraq döyüşlərdən ayrılmadım, davam etdik.  Şuşanı tam nəzarətə götürdükdən sonra növbəti gün atəşkəs olmasaydı, Xankəndiyə daxil olacaqdıq. Bunun üçün bizə növbəli istirahət verildi. Gecə atəşkəs elan edildi. Mən xəstə halda yatmışdım. Səhər yoldaşlarımın sevinc içərisində olduqlarını gördüm. Nə olduğunu soruşdum, dedilər ki, “artıq atəşkəs elan edilib”.

– Şuşanın strateji əhəmiyyətindən danışardınız.

– Şuşa bizim Qarabağımızın tacı idi. Bunu mənfur düşmən də bildiyi üçün onu əlində saxlamaq istəyirdi. Şuşa bizim üçün çox əhəmiyyətlidir. Şuşanı almaqla bir çox əraziləri nəzarətimizə götürdük, düşməni sındırdıq. Xankəndiyə, Xocavəndə, Əsgərana və Xocalıya getmək üçün oradan keçməliydilər. Onların yolun bağladıq.

– Şuşa döyüşlərində nə qədər itkiniz oldu?

– Şuşa döyüşlərində Mehrab Niftəliyev, Ramiq Tağıyev və bir çox döyüş yoldaşlarımız şəhid oldular. Yaralılar da var idi. Lakin buna baxmayaraq, döyüşdən geri çəkilmədik. Şəhid və yaralılarımızı yanımızda saxlayıb, döyüşü davam etdirdik. Şuşanı da tam nəzarətə götürdük.

– Bu gün Şuşanın azad olunmasından dörd il ötür.

– Bəli bu gün Şuşanın azad olunmasından 4 il ötür. Bununla yanaşı da Qələbə günümüzdür. Qürurvericidir, çox sevinirik. Sevindiyimiz kimi kədərimiz də var. Çünki döyüş yoldaşlarımızı itirdik…

– Necə oldu yaralandınız?

– Müharibə zamanı kəllə-beyin travması aldım. Lakin buna baxmayaraq döyüşlərdən yayınmadım. Çünki mənim məqsədim sonuncu nöqtəyə qədər davam etmək idi.  Şuşanı görmək mənim ən böyük arzum idi.

– Yanınızda şəhid olan oldumu?

– Əlbəttə oldu… Kəlbəcər istiqamətində gedən döyüşlərdə Səbuhi Məmmədov, Füzuli -Horadizdə kapitan Elçin İsmayılov, Hadrut istiqamətində Şəhriyar Abdullayev, Xocavəndədə Cavid Hüseynov, Ağaəli Ağayev və bir çox döyüş yoldaşlarımız yanımızda şəhid oldular. Bu bizim üçün çox ağır idi. Biz onlardan güc alırdıq. Döyüşə daha əzmlə qatılırdıq.

– Döyüşdə unuda bilmədiyiniz anlardan danışardınız.

– Ümumiyyətlə unuda bildiyimiz an yoxdur. Hər birinin qürurverici və ağrılı tərəfləri var. Hadruta gedərkən yüksəklikdə sərhəd qoşunlarının “Kamaz”ını gözümün qarşısında vurdular. İçərisində olan əsgərlərin parça-parça olduğunu gördüm. Bir nəfər də yanaraq çıxdı. Onu xilas etdik. Çox ağır idi. Bu, unuda bilməyəcəyim və mənə ağır gələn hadisə idi. Düşmənə nifrətimi daha da artdı. Hadrut istiqamətindəki döyüşlərdə qisasımızı aldıq.

Döyüşün ilk günlərində yaralanmaq və ya şəhid olmaq niyyətim yox idi. Sona qədər döyüşmək istəyirdim. Şükürlər olsun ki, buna nail oldum və arzuma çatdım. Nəhayət qələbəni qazandıq.

– Müharibə zamanı yaşadığınız psixoloji təzyiqlə necə mübarizə aparırdınız?

– Yalnız şəhidlərimizi xatırlayaraq özümüzlə mübarizə aparırdıq. Biz onları şəhid vermədik ki, məğlub olub, geri çəkilək. Biz onları şəhid verdik ki, sona qədər döyüş aparıb, qələbə qazanaq. Bu bizim üçün ən böyük mübarizə idi.

– Vətən Müharibəsində iştirak edən bir əsgər olaraq, döyüşdən sonra həyatınıza necə bir təsir oldu?

– Vətən müharibəsi zamanı mən subay idim. Ailə qurmaq haqqında düşünmürdüm.  Çünki qarşımızda məqsəd var idi. O məqsədə çatmalıydım. Nə olacağı bəlli deyildi. Buna görə ailə qurmamışdım. Vətən müharibəsindən bir il sonra valideynlərimin və təbii ki öz istəyim ilə ailə həyatı qurdum. İki övladım var.

2022-ci ildə Kəlbəcər əməliyyatında, 2023-cü ildə isə Qarabağdakı lokal antiterror tədbirində iştirak etdim. Tam bərpadan sonra 2024-cü ilin yayında səhhətimlə əlaqədar ordu sıralarından ayrıldım. Hazırda ehtiyatda olan hərbçiyəm.


Избранный
46
news24.az

1Источники