RU

BMT Fransanın beynəlxalq cinayətlərini açıqladı: Rəsmi Bakının bu işdə hansı rolu oldu?

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi Ekvador, Fransa, Yunanıstan, İslandiya və Pakistan ilə bağlı hesabat dərc edib. Hesabat komitənin son sessiyasında həmin ölkələrin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı icrasını necə qiymətləndirməsindən sonra təqdim edilib. Hesabatda Komitənin narahatlıq doğuran əsas məqamları, Paktın icrası ilə bağlı tövsiyələri əks olunub.

Fransız polisinin Yeni Kaledoniyada törətdiyi zorakılıqlar pislənib. Yeni Kaledoniyada həddindən artıq güc tətbiqinin qeyd-şərtsiz və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin məsuliyyətə cəlb edilməsini və zərərçəkənlərə təzminat ödənilməsini tələb edilib.

Komitə Fransa-İtaliya sərhədində sığınacaq hüququndan məhrum olaraq geri qaytarılan xarici vətəndaşların durumundan narahatlığını ifadə edib. Xüsusilə Fransa sərhəd bölgələrində və Mayotte ərazisində miqrantların ağır şəraitdə yaşadığı müvəqqəti sığınacaqların güc tətbiqi ilə boşaldılması təzyiqi tənqid olunub. Bundan əlavə, Komitə Fransa hökumətini miqrantların insan hüquqlarının qorunmasını təmin etməyə çağırıb. Komitə eyni zamanda nümayişlərin qadağan edilməsi və hüquq mühafizə orqanlarının nümayişlərdə güc tətbiqi ilə bağlı narahatlığını ifadə edib.

Zorakılıqla bağlı iddiaların araşdırılması və məsul şəxslərin ədalətə cəlb olunması tələb edilib. Qeyd etmək lazımdır ki, BMT-nin hesabatında Fransanın miqrantların və dənizaşırı ərazilərdə yaşayan insanların hüquqlarını kobud şəkildə pozması, xüsusilə güc tətbiqi və zorakılığın davamlılığı xüsusi narahatlıq doğurur.

Komitə Fransa hakimiyyətini dənizaşırı ərazilərdə yerli xalqların hüquqları və onların üzləşdiyi ayrı-seçkilik halları ilə bağlı ətraflı məlumat toplamağa çağırır.

Bu məqamda qeyd etmək yerinə düşər ki, BMT İnsan Hüquqları Komitəsinin Fransanın müstəmləkəsi olan ərazilərdə baş verən insan hüquqlarının pozuntusuna dair məlumatlandırılmasında Bakı Təşəbbüs Qrupunun (BTQ) xüsusi rolu olub. Belə ki, BTQ dənizaşırı ərazilərdə baş verən faktları müxtəlif hesabatlar formasında Komitəyə təqdim edib. Bu xüsusda BTQ Fransanın dövri icmalından əvvəl BMT-nin Cenevrədə yerləşən qərargahında müstəmləkə altında olan xalqların nümayəndələrinin iştirakı ilə Konfrans təşkil edib. Fransanın BMT-dəki hesabatı dövründə BTQ-nin bəyanatı səsləndirilib və müstəmləkələrdəki insan hüquqları pozuntuları faktlarla Komitə üzvlərinin diqqətinə çatdırılıb. Qrup tərəfindən Fransa müstəmləkəçiliyi ilə bağlı alternativ hesabat hazırlanaraq BMT-nin rəsmi saytında dərc etdirib.

Fransız müstəmləkəsi altında olan ərazilərin nümayəndələrinin Fransanın hesabatının təqdimatında iştirakı təmin edilib və onların iştirakı ilə BMT-nin Cenevrədə yerləşən iqamətgahında Fransa müstəmləkçiliyi əleyhinə aksiyalar keçirilib. Bakı Təşəbbüs Qrupu və Fransız müstəmləkəçiliyi altında olan ərazilərin nümayəndələrinin birgə səyləri nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi Fransız hökumətindən Fransız polisi tərəfindən Yeni Kaledoniyada həyata keçirilən qanunsuz həbslərə dair əsaslandırma tələb edib.

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Xəyal Bəşirov bildirir ki, Azərbaycan uzun müddətdir ki, Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 2019- 2023- ci illər ərzində beynəlxalq tribunalardan Fransanın qanunsuz əməlləri ilə bağlı bütün dünyaya çağırışlar edib.

"Azərbaycan Fransanın beynəlxalq prinsiplərə zidd addımlarına qarşı haqlı mövqeyini ortaya qoyub. Fransanın müstəmləkə siyasətindən uzun müddət əziyyət çəkən bir sıra dövlətlər Qoşulmama Hərəkatında iştirak edirdilər. Onların içtirakı ilə Azərbaycan bir sıra ciddi tədbirlər keçirib. Hımin o təşkilata uğurla rəhbərlik etdiyimiz dönəmdə bütün dünyaya göstərdik ki, o təşkilata rəhbərlik etməkdə əsas məqsəd qlobal səviyyədə, BMT- dən sonra dünyada ikinci ən böyük təşkilat olan və 120 dövləti və 25 subyekti öz ətrafında birləşdirən Qoşulma Hərəkatının tribunasından istifadə edərək beynəlxalq aləmdə mövcud olan problemlərin diqqətə çatdırılması və onların həlli ilə bağlı müzakirələrin təşkil edilməsi, platformaların yaradılması niyyəti idi. Qoşulmama Hərəkatına rəhbərliyimiz bitsə də, fəaliyyətimiz bitməyib. Azərbaycan ötən ilin iyul ayında Bakı şəhərində Qoşulmama Hərəkatının nazirlər komitəsinin iclasında Bakı Təşəbbüs Qrupunun yaradılmasına nail oldu. Həmin qrupun yaradılmasında əsas məqsəd ümumilikdə müstəmləkəçilik siyasətinin neokolanial səviyyədə keçirilməsinə qarşı dünyanın ayağa qaldırılması, bu siyasətin 21- ci əsrdə sonlandırılmasına çağrışlarla bağlı olan bir niyyət idi.

Bakı Təşəbbüs Qrupu çox ciddi fəaliyyət ortaya qoydu. BMT-nin əsas iqamətgahı olan Nyu- Yorkdakı binada, Cenevrədəki ofisində, Türkiyədə və digər dövlətlərdə Bakı Təşəbbüs Qrupunun ard-arda tədbirlər keçirildi.

Bütün bu tədbirlərdə neokolonializm siyasətini həyata keçirməyə davam edən Fransa, Niderland və digər bu kimi dövlətlərin fəaliyyəti ciddi şəkildə pislənilir. Onların beynəlxalq hüquqa zidd olduğu diqqətə çatdırılır. Bir məqamda sizin diqqətinizə çatdırım ki, bu ilin iyul ayının 22- də Şuşada sayca ikinci Qlobal Media Forumu keçirildi. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı beynəlxalq mübarizə forumunda Bakı Təşəbbüs Qrupu da iştirak etdi və orada içtirak edən beynəlxalq təşkilatların nümayəndələrini, fəalları və jurnalistlərin diqqıtinə 140 səhufəlik sənəd təqdim edildi. Məhz o sənəd Fransa müstəmləkəçiliyinin təkamülü ilə bağlı siyasi və konstititsional tədqiqat idi. Bu sənəd beynəlxalq hüququ statuslu araşdırmadır. Orada Fransanın Cənub Şərqi Asiyada, Latın Amerikasında, Afrikada, Sakit okeanda həyata keçirdiyi müstəmləkəçilik siyasətunin ağrı və acıları, mənfi nəticələri, o cümlədən Afrikanın ayrı- ayrı bölgələrində soyqırımların həyata keçirilməsi, Əlcəzairdə 1, 5 milyon insanın qətlə yetirilməsi və 1,5 milyonluq şəhidi olan dövlət statusu adını alması, 1994- cü ildə Ruandada 800 min tutsinin qanına qəltan edilməsi, bu gün isə müstəmləkə siyasətinin Korsikada, Yeni Kaledoniyada, Kanar adalarında, Fransız Qvineyasında, Martinikdə, Qvadalupidə həyata kemirdiyi müstəmləkə siyasətin mənfi nəticələri detallarla, konkret sübutlarla göstərilib.

Bu fəaliyyətin nəticəsidir ki, BMT çağırışlar edir. Fransanın cinayətləri hesabat formasında pislənilir. Bu addımlara görə dünya Azərbaycana təşəkkür etməlidir və müstəmləkə siyasəti aparan dövlətlərin qarşısını kəsməlidir. Fransanın daimi üzvü olan bir təşkilatda belə hesabatın hazırlanması ondan xəbər verir ki, Azərbaycan artıq beynəlxalq səviyyədə öz çağırışlarını dinlədə bilir. Biz bununla 100 minlərlə insanın təməl hüququnun pozulmasının qarşısını alırıq".

Şahanə Rəhimli
Musavat.com

Избранный
26
musavat.com

1Источники