RU

Millət vəkili: "Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir"

“Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Artıq, üç ildir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir”.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, istiqlal ideologiyamızın üç təməl prinsipi dövlət bayrağımızda öz əksini tapir. Bildiyiniz kimi  dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günün kimi qeyd edildiyini deyən millət vəkili bildirib ki, Azərbaycan xalqı bu əlamətdar günü iki ildir ki, tam fərqli miqyasda, Zəfər Bayramı ilə bərabər qeyd edir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”. Cənab Prezident həmişə olduğu kimi, verdiyi vədi yerinə yetirdi. 44 günlük Vətən müharibəsində və  ötən il həyata keçirilən antiterror əməliyyatları nəticəsində əldə olunan qələbə sayəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Artıq dörd  ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır.

Bu gün əminliklə deyə bilərik ki, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə  tarixə yazıldı.

Deputat fikirlərini Ulu Öndər Heydər Əliyevin sözləri ilə davam etmişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

Ümummilli lider Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir, müstəqil, bütöv Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Azərbaycan xalqının milli qürur, mənlik və özünütəsdiq simvolu olan üçrəngli bayrağımız bütöv və müstəqil Azərbaycanın hər bir güşəsində fəxrlə dalğalanır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımız haqqında deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

“Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir”- millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

Избранный
309
50
azerforum.com

10Источники