RU

Ulu Öndərimiz Heydər Əliyevin əmanəti  – Zəfər Bayrağımız

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis olunub. Azərbaycan xalqı 15-ci yubiley ilinə qədəm qoyduğumuz Bayraq Gününü 4 ildir ki, böyük qürur və qələbə əzmi ilə – öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətin vətəndaşları kimi, təntənəli şəkildə qeyd edir. Dünən isə, cənab Prezidentin Dövlət Bayrağı Meydanında Azərbaycanın ən böyük üçrəngli Bayrağını ucaltması hər bir azərbaycanlının içindəki fərəh hissini yenidən zirvələrə qaldırdı.

Azərbaycan xalqının məfkurəsində bayraq milli kimlik, milli mövcudluq nişanəsi kimi dərin həkk olunub. Hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşaraq, özünün qürur mənbəyi hesab edir. Ona görə də, bayraq daha böyük milli məzmun daşıyır. Ulu Öndərimiz Heydər Əliyevin böyük fəxarətlə söylədiyi kimi“Bayraq bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Müstəqil dövlətimizin atributlarından biri olan bayrağa böyük ehtiramın, dərin milli bağlılığın əlaməti olaraq Heydər Əliyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi, cəmi 2 il dalğalanan üçrəngli bayrağımızı milli yadigar kimi 70 il sonra yenidən müstəqil dövlətimizin əbədi rəmzinə çevirdi.

Son Yazılar:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Xalq Cümhuriyyətinin varisi olan Dövlət Bayrağı Məclisdə yenidən ucaldıldı. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Bundan sonra 1991-ci il fevralın 5-də Ali Sovetinin qərarına əsasən üçrəngli bayrağımız Dövlət Bayrağı kimi qəbul olundu.

Ulu Öndər qeyd edirdi ki, “Biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır”. O, bu əzmkarlığı, qorxmazlığı və bayrağa olan sonsuz sevgisi, müstəqillik və azadlıq mübarizliyi ilə həmin dövrdə ona qarşı yönələn bütün təzyiqlərin hər birini dəf etdi və Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atdı.  Müasir dövlətçiliyimizin memarı olan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz istiqlalına və səadətinə qovuşaraq milli kimliyinə və milli rəmzlərinə də sahib çıxdı.

Azərbaycanın milli simvollarına böyük dəyər verən İlham Əliyev üçrəngli bayrağımızı müstəqil Azərbaycanın ən ali rəmzi kimi əbədiləşdirmək üçün 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışını edərək ən yüksək zirvədə dalğalandırdı.

Dövlət Bayrağı Meydanında həm də Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir. Burada 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” deyən dövlətimizin başçısının tövsiyəsinə əsasən bütün bölgələrdə Bayraq Meydanları, Bayraq Muzeyləri yaradılıb.

Bu, milli həmrəylik və azərbaycançılıq məfkurəsini təşviq etməklə yanaşı, gələcək nəsillərin milli atributlarımıza dərin ehtiramını qoruyub saxlamaq, onları vahid ideya ətrafında sıx birləşmək məramına xidmət edir.

“Bu dövlət və bayraq gənclərə əmanətdir” deyən Ümumilli Lider onu etibarlı əllərə əmanət etdi. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən işğalından azad edərək ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bayrağımız 30 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində və Suqovuşanda ucaldı.

Qalib Sərkərdə ən böyük müjdəni 2020-ci il noyabrın 8-də Dövlət Bayrağı Gününün

11-ci ildönümündə verərək üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bildirdi. 2021-ci il yanvarın 14-də Şuşa şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltmaqla Ata vəsiyyətini həyata keçirdi.

Prezident İlham Əliyevin komandanlığı ilə Silahlı Qüvvələrimiz 2023-cü il sentyabrın 19-da 23 saatlıq anti-terror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz hərbi rejimin son qalıqlarını da darmadağın edərək ölkəmizin bütün ərazilərində Konstitusiya quruluşunu bütövləşdirdi. Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına, Əsgəran qalasına səfər edərək Azərbaycan Bayrağını ucaltdı.

İki ay əvvəl, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışını da təmin etməklə Bayrağımızı Qarabağın ən uca Zirvəsinə qaldırdı.

Üçrəngli bayrağımız həm də Vətən müharibəsinin qalibiyyət rəmzi, rəsmi simvollarından biridir. Azərbaycan əsgəri tərəfindən Şuşada qaldırılan bayraq İkinci Qarabağ müharibəsinin Zəfər Bayrağı elan olunub və 2020-ci il dekabrın 10-da keçirilən Qələbə Paradında nümayiş etdirilib.

34 il əvvəl Naxçıvanda ucaldılan müstəqilliyimizin rəmzi üçrəngli bayrağımız bu gün suveren Azərbaycan Respublikasının bütün ərazisində Zəfər Bayrağı kimi dalğalanır.

Ramid Namazov,

Milli Məclisin deputatı

Избранный
16
2
viral.az

3Источники