RU

Maraqlı qonaqlar

Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi xalqımızın coğrafi biliklərini artırmaq baxımından da önəmlidir. Məsələn, BMT-nin iqlim konfransı olmasaydı, Allah bilir Tuvalu baş naziri Feleti Teo ölkəmizə haçan gələrdi. Böyük ehtimal heç zaman gəlməzdi. Amma indi gəlib, xoş gəlib, səfa gətirib. Biz qonaqpərvər xalqıq, istənilən qonaq əzizimizdir.

Tuvalu-nu ona görə xüsusi vurğuladım ki, bu, dünyanın ən cırtdan dövlətləri sırasında 4-cü yerdə duran, Sakit okeandakı bir ada dövlətidir. Cəmi 11 min 646 nəfər camaatı, 25,9 kvadrat kilometr isə ərazisi var. Müqayisə üçün: bizim ən balaca rayonumuz Sədərək rayonunun ərazisi 220 kv.km-dir. Biləcəri qəsəbəsində isə 50 mindən çox adam yaşayır.

Şəxsən mən Tuvalu, Nauru, Taiti kimi, şair demişkən, “uzaq, yaşıl adaları” canlı görməyi çox arzu edərdim. Hətta, pis çıxmasın, dünyanın ən zırpı şəhərləri, məsələn, insan qaynaşan Tokio, Nyu York, London, İstanbul, Moskva-filan mənim üçün o qədər maraq doğurmur, nəinki həmin adalar. İndi Tuvaludan və başqa o cür ekzotik yerlərdən ölkəmizə səfərə gəlirlərsə, bunu bir şans kimi qiymətləndirmək olar: nə fərqi var, ya Tuvalunu gördün, ya tuvalulunu.

Yeri gəlmişkən, qlobal istiləşmə dünya okeanının səviyyəsini qaldırır və bu səviyədən cəmi 5 metr yüksəkdə olan Tuvalu-nu yaxın gələcəkdə tamamilə su basa bilər. Məncə biz onlara ölkəmizdə sığınacaq verə bilərik. İşğaldan azad edilən ərazilərdə Tuvalu xalqı üçün rayon salınması mümkündür. 11 min nəfər çox deyil. Həmçinin, qaçqın və məcburi köçkünlüyün nə olduğunu biz yaxşı anlayırıq. Dərdimiz ortaqdır.

Bu baxımdan, Tuvalu baş nazirini hava limanında şəxsən gənclər və idman naziri Fərid müəllimin qarşılaması xoş mənzərə olmuşdur.

İqlim konfransında hindistanlı yoq Sadquru müəllim də iştirak edəcəkmiş, onu isə elm və təhsil nazirliyimizin aparat rəhbəri Mətin müəllim qarşıladı.

Burada sual ortaya çıxa bilər ki, yoqa mistik təlimdir, hər hansı elmi əsasları yoxdur, onunla məşğul olan şəxsi elm və təhsil işinə baxanlarımız deyil, məsəl üçün, dini komitədən kimsə qarşılasa düzgün olmazdımı? Ancaq belə sualların yeri yoxdur. Yəqin bu qarşılamaq sırf təsadüfidir, nazirlər hava limanında növbə çəkirlər, kimin bəxtinə kim düşə... Məsələn, kənd təsərrüfatı nazirimiz Məcnun müəllim də Afrika ölkəsi San Tome və Prinsipi-nin başçısını qarşılamışdır. Guya bizim Prinsipi ilə hansı prinsipial kənd təsərrüfatı əlaqələrimiz var? Məncə yoxdur. Hərçənd, ola da bilər. Son illərin təcrübəsi bizə “heç vaxt “heç vaxt” deməməyi” öyrətmişdir.

Üstəlik, mən Sadquru müəllimin həyat və yaradıcılığı ilə azca maraqlandım, düşünürəm ki, bunu bizim məktəb sistemində tətbiq eləmək olar. Əsl adı Caqqi Vasudev (“ev” sonluqlu soyada görə faktiki azərbaycanlı da saymaq mümkündür) olan Sadquru müəllim uşaqlığında təhsilə nifrətiylə tanınmışdır. Həmişə məktəbdən qaçıb cəngəlliyə gedərmiş. 25 yaşınacan bu cür avaralanmışdır, o yaşa çatanda isə bunda qəfil aydınlanma olubdur. Deyir bir təpəyə çıxmışdım, orda oturdum, bütün ətraf aləmi qəfil unutdum. Sanki dünya yoxa çıxıbmış. Sadquru müəllimə vergi beləcə verilmişdir. Açığı, bizim məktəblərdə də təxminən oxşar pedaqoji hallüsinasiyalar yaşanır, şagirdlər asanlıqla nirvanaya, vəhdətül-vəcd vəziyyətinə girirlər. Bir də gözünü açırsan ki, hansısa universitetdə oturmusan. Ya da kamal atestatını alıb taksi sürürsən. Əsas ruhi həzz yaşamaqdır, o bizdə vardır.

Özü də həmin ruhi sakitlik anında müəllim(ə) səni lap kötüklə döysün - hiss etmirsən. 

Избранный
47
musavat.com

1Источники