RU

''Qalatasaray'' İkardinin müqaviləsini donduracaq?

Mauro İkardinin ağır zədəsi ilə sarsılan ''Qalatasaray'' təcrübəli forvardla bağlı yeni qərar qəbul edib.

Xəbər verdiyimiz kimi ''Tottenhem''lə oyunun 82-ci dəqiqəsində meydanı xərəkdə tərk edən argentinalı futbolçunun tibbi müayinəsindən sonra sağ ayağının diz bağında ciddi zədə aşkarlanmışdı. Təxminən 8 aylığa sıradan çıxan 31 yaşlı hücumçu bu mövsüm artıq komandaya yardım edə bilməyəcək.

Türkiyə mətbuatının iddiasına görə, ''Qalatasaray'' rəhbərliyi ikinci dövrə üçün İkardinin müqaviləsini donduracaq! Bunun sayəsində legioner limitində bir yer açılacaq.

Qış transfer dönəmi üçün planları alt-üst olan İstanbul nəhəngi məcburi olaraq yeni hücumçu almağa çalışacaq. Hərçənd bəzi mənbələr bu xəbərin tam əksini iddia edib. Onlar İkardinin müqaviləsinin dondurulmayacağını qeyd ediblər. Bu futbolçunun harda əməliyyat olunacağına da hələ qərar verilməyib. İkardinin Türkiyədə yoxsa vətəni Argentinada əməliyyat olacağına qarşıdakı 10 gündə qərar veriləcək.

Son oyunlarda komanda iki hücumçulu taktika ilə oynayırdısa, İkardinin sıradan çıxmasından sonra ''Cim-Bom'' yenə bir hücumçulu taktikaya keçəcək. Deyilənə görə Okan Buruk artıq bununla bağlı Viktor Osimhenə məlumat verib. ''Rams Park''ın ot örtüyü də müzakirələrə səbəb olmaqda davam edir.

Fanatların çoxunun fikrincə, bu zədələr ot örtüyünün bərbad durumda olmasından qaynaqlanır. Baxmayaraq ki, stadiona bu yaxınlarda hibrid ot əkilib. Daha öncə Osimhenin ''Kasımpaşa'' ilə oyundakı zədəsi də məhz bununla əlaqələndirilmişdi. Ona görə stadionun işçilərinə qarşıdan gələn yığma fasiləsində ot örtüyünü ən yaxşı duruma gətirmək tapşırılıb. Bunun üçün artıq günəş işığını əvəzləyəcək cihaz da sifariş verilib.

ƏLİ

Избранный
66
football-plus.az

1Источники