RU

COP29-un açılış mərasimi keçirilib YENİLƏNİB

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib. O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirib. COP 28 Prezidenti Azərbaycanla birlikdə “Troyka” çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib. COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.

M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib. Deyib ki, COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz. COP29-un Prezidenti qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur. “Biz siyasi və maliyyə baxımından yarana biləcək bütün məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq”, - deyə o əlavə edib.

Daha sonra çıxış edən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının geniş yayılmış iqlim böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün yeganə məkan olduğunu deyib.

O bildirib ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. BMT rəsmisi Bakıda biz yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmağın vacibliyini diqqətə çatdırıb.

“Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik”, - deyə Saymon Stil vurğulayıb.

11:21

Bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransının açılış mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, liderlər və iqlim üzrə ekspertlər ilin ən böyük iqlim tədbirlərindən birinin başlanğıcını qeyd etmək üçün bir araya gəliblər.

Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.

"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
33
8
xezerxeber.az

9Источники