RU

Türkiyə mətbuatında COP29 geniş işıqlandırıldı

Bakıda təşkil olunan COP29 bir sıra dünya mediasında, o cümlədən Türkiyə mətbuatında da geniş işıqlandırılır.

"Dw.com.tr"saytında yer alan xəbərə görə, bu gün Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı (COP29) işə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatda noyabrın 22-dək davam edəcək İqlim Dəyişikliyi Konfransında inkişaf etməkdə olan ölkələri iqlim böhranı ilə mübarizədə necə dəstəkləmək və iqlimin qorunması səylərini necə sürətləndirmək kimi əsas gündəm maddələri yer alıb.

Qeyd edilir ki, iki həftə davam edəcək danışıqlarda 200-ə yaxın ölkənin nümayəndə heyəti iştirak edəcək. Dövlət və hökumət başçılarının çıxışları ilə başlayacaq konfransda Almaniya kansleri Olaf Şolts əvvəlcədən planlaşdırıldığı kimi çıxış etməyəcək. 

Çünki Olaf Şolts Almaniyadakı hökumət böhranı səbəbindən Bakıya səfərini təxirə salıb. Şolts Prezident Frank-Valter Ştaynmayerdən Azad Demokrat Partiyasının (FDP) maliyyə naziri Kristian Lindneri istefaya göndərməsini xahiş etdikdən sonra FDP koalisiyadan çıxdı və Almaniya federal hökuməti parlament çoxluğunu itirdi.

O da vurğulanır ki, Bakıda keçiriləcək konfransda iştirak edəcək aktorların əsas məqsədlərindən biri iqlimin beynəlxalq mühafizəsi üçün tələb olunan yüz milyardlarla dolları səfərbər etmək olacaq.

Bu kontekstdə 2025-ci ildən başlayaraq 5 ildən 10 ilədək qüvvədə olacaq beynəlxalq iqlim mühafizəsi maliyyələşdirilməsi üçün yeni çərçivənin yaradılması hədəflənir. Hazırda iqlim mühafizəsi hədəflərinə nail olmaq üçün zəngin sənayeləşmiş ölkələr hər il ən azı 100 milyard dollar ödəməlidir. Bu məqsədə 2022-ci ildə iki illik gecikmə ilə nail olunmuşdu.

Mütəxəssislərin hesablamalarına görə, Qlobal Cənub ölkələrinə iqlimin qorunmasında və qlobal istiləşmənin nəticələrinə uyğunlaşmasında dəstək olmaq üçün ildə ən azı bir trilyon dollar lazımdır. Bəzi hesablamalara görə, bu rəqəm 2,4 trilyon dollara çatır.

İqlim konfransından əvvəl bir çox qeyri-hökumət təşkilatları, o cümlədən Avropa İqlim Fəaliyyət Şəbəkəsi, TEMA Fondu, Greenpeace Türkiyə, WWF-Türkiyə (Vəhşi Təbiəti Mühafizə Fondu) Türkiyə hökumətini kömür investisiyalarına son qoymağa çağırıb.

Birgə bəyanatda onlar bildiriblər ki, Türkiyənin iqlimlə bağlı məqsədlərinə çatmaq üçün “təcili olaraq kömürlə işləyən yeni istilik elektrik stansiyaları inşa etməmək” və “kömürdən mərhələli keçidi planlaşdırmaq” qərarını verməlidir.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bazar günü Berlində belə deyib: 

"Danışıqların asan olmayacağı hər kəsə aydındır. Amma bu danışıqları aparmağa dəyər. Qlobal istiləşmənin qarşısı alınan hər 0,1 dərəcə daha az böhran, daha az əziyyət və daha az köçkünlük deməkdir". 

Bakıda keçirilən konfrans öncəsi qlobal siyasət baxımından daha bir diqqətçəkən hadisə 2021-ci ildə Əfqanıstanda nəzarəti ələ keçirən radikal islamçı "Taliban"ın konfransa nümayəndə heyəti göndərməsi oldu.

Beynəlxalq ictimaiyyətdən təcrid olunmuş və BMT-yə üzv dövlətlər tərəfindən tanınmayan "Taliban" hərəkatının nəzarəti altında olan Xarici İşlər Nazirliyi bazar günü verdiyi açıqlamada hadisənin gedişatını açıqlayıb. 

"Reuters" agentliyinə danışan diplomat bildirib ki, ev sahibi Azərbaycan Əfqanıstanı konfransa müşahidəçi qismində dəvət edib.

Beləliklə, "Taliban" hakimiyyəti altında olan Əfqanıstan 2021-ci ildən bəri ilk dəfə yüksək səviyyəli beynəlxalq konfransda iştirak edəcək. 

İqtisadiyyatı kənd təsərrüfatından asılı olan Əfqanıstan dünyada iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrdən biridir. 

Избранный
41
cebheinfo.az

1Источники