Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Lakin ölkə başçısının artımla bağlı sərəncamı məktəblərdə çalışan psioxoloqlara şamil olunmayıb. Halbuki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların da bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb.
Mövzu ilə bağlı məktəb psixoloqları arasında ciddi müzakirələrə səbəb olub.
Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Cəbrayılova AzEdu.az-a açıqlamasında məktəb psoxoloqlarının pedaqoji işçilərə şamil olunan son sərəncamdan kənarda qalmasından təəssüfləndiyini vurğulayıb:
“Təəssüf ki, məktəblərdə fəaliyyət göstərən psixoloqların diaqnostik qiymətləndirmədən keçməsinə baxmayaraq, bu sərəncam onlara şamil olunmadı. Halbuki, 2019-cu ildə məktəb psixoloqları da diaqnostik qiymətləndirmədən keçiblər. Onların da maaş artımına ehtiyacları var.
Müəllimləri əhatə edən bu sərəncamın məktəb psixoloqlarına şamil olunmamasına əsas kimi isə onların pedaqoji işçi hesab edilməməsi göstərilir.
Psixoloq məktəbdə çox məsuliyyətli vəzifədir, buna baxmayaq psixoloqun məvacibi direktor müavinlərinin maaşından xeyli aşağıdır".
2019-cu ilin dekabrın 24-dən həmin ayın 28-dək psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanı keçirilib. Prosesdə 2633-dək psixoloq iştirak edib.
Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə keçirilib. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib.