RU

COP29-un açılış günündə dayanıqlılıq mövzusunda tədbir keçirildi

COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmaların iştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündə qapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcək silsilə tədbirlərin ilk buraxılışını təqdim edib.

"Unikal" xəbər verir ki, proqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub.

“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda maraqlı tərəfləri bir araya gətirən tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.

Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsi barədə müzakirələri dinləyiblər.

Qeyd edək ki, COP29 konfransının ilk günündə fərqli şirkətlər tərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpa olunan enerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıq uğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlim dəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digər mövzuları əhatə edən müzakirə və seminarlar eyni zamanda dinamik “Extreme Hangout” sahəsində təşkil olunan performans və interaktiv sessiyalarla və ümumilikdə Yaşıl Zonanın pavilyon sahələrindəki fəallıqla müşayiət olunub.

COP29 Yaşıl Zonada qarşıdakı günlərdə də fərqli formatlarda tədbirlərin keçirilməsi planlaşdırılıb. 22 noyabr tarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında bir sıra mövzularda panel diskussiyaları təşkil ediləcək və bu tədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri və tanınmış simaları iştirak edəcək.

Xatırladaq ki, COP29 Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə ödənişsiz əldə edə bilərlər.

Избранный
55
20
unikal.az

10Источники