Avropa Komissiyası Aİ ölkələrinin hərbi ehtiyaclarına 400 milyard avro xərcləyəcək – FT
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin depressiyaya məruz qalmış regionlarının inkişafı üçün nəzərdə tutulmuş 392 milyard avronu Aİ büdcəsindən ayırmağa və onu Avropa dövlətlərinin hərbi sənaye komplekslərinin, həmçinin, hərbi nəqliyyat infrastrukturunun inkişafına sərf etməyə hazırlaşır. Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb. Qəzetin mənbələrinə görə, Avropa Komissiyası yaxın vaxtlarda Aİ ölkələrinə “Birlik Fondu” (“Cohesion Fund”) adlanan vəsaiti müdafiə ehtiyaclarına xərcləməyə icazə vermək niyyətindədir. Bu, Avropa İttifaqının ən böyük büdcə proqramlarından biridir və bloka daxil olan dövlətlərin ən geridə qalmış regionlarının maliyyələşdirilməsi və onların inkişaf səviyyəsinə görə qabaqcıl bölgələrə yaxınlaşması vasitəsi kimi nəzərdə tutulur. Aİ-nin 2021-2027-ci illər üçün hazırkı yeddiillik büdcə planında bu ehtiyaclar üçün 392 milyard avro ayrılıb. Bununla belə, “Financial Times”a görə, son dörd il ərzində bu məbləğin 5%-dən az hissəsi xərclənib. Bu fondun əsas alıcıları Şərqi Avropa ölkələri, ilk növbədə Polşa və Baltikyanı ölkələrdir. Bununla belə, inkişaf etmiş Avropa ölkələri də “Birlik Fondu”ndan böyük vəsaitlər alır. Məsələn, Almaniyanın cari yeddi illik dövr ərzində 39 milyard avro borcu var. Qəzet iddia edir ki, Avropa Komissiyası hələlik bu pulun birbaşa silah alışına xərclənməsinə icazə verməyəcək, lakin bu vəsait hərbi sənayeyə investisiyalara, ikili təyinatlı layihələrin, çoxməqsədli avadanlıqların, o cümlədən silahların hazırlanmasına və s. xərclənə bilər. Hərbi mobillik və “hərbi Şengen” mövzusu 2018-ci ildən bəri Avropada gündəmdədir. Söhbət hərbi nəqliyyatda inzibati məhdudiyyətlərin ləğvindən və bütün Aİ nəqliyyat sisteminin, ilk növbədə dəmir yollarının, körpülərin və tunellərin strateji modernləşdirilməsindən gedir.