RU

“Heç bir heyvan intihar etmir, onları biz məhv edirik, leşləri sahilə çıxır”-Ekoloqdan ÇAĞIRIŞ-ÖZƏL

“Dünən sosial şəbəkələrdə hər kəs Xəzərdə balinanın olduğunu paylaşdı. Amma başa düşmürlər ki, Xəzər böyük göldür. Xəzərin okeanla heç bir əlaqəsi yoxdur və balina Xəzərdə yaşamır. Balinalar suda üzən ən böyük məməlilərdir. Onların uzunluğu 30-35 metrə çatır. Ağırlıqları 150 tondur. Onlar bir dəfə ağızlarını açıb qida qəbul edəndə 1 ton su içmə qabiliyyətləri olur. Bundan başqa onlar okeanla əlaqəsi olan dənizlərdə yaşayırlar. Soyuq və istisevər balinalar da var. Amma ən çox yayılan mavi balinadır. Bunların da ömürləri təbii ki, uzundur. 60-70 il yaşaya bilirlər. Balıqlar yumurta qoyub, kürü töküb çoxalırlar, amma balinalar diri bala doğurlar. Öz balalarını südlə bəsləyirlər. Hazırda qlobal istiləşmə ilə bağlı olaraq ölkəmizdə COP29 tədbirləri keçirilir. Dünyanın diqqət mərkəzi Azərbaycandır. Ölkəmiz ilk dəfə bu qədər insan, qonaq və rəsmi şəxs qəbul edir. Bu böyük bir işdir. Bir məsələ var ki, dünyanın bir çox ölkələrində belə maket hazırlayırlar. Məqsəd də odur ki, suları plastik tullantılarla zibilləyib, heyvanları ödürməyək. Həmin maketin içindən çıxan plastik tullantıları, sallafan torbaları da gördünüz. İnsanlar başa düşsünlər ki, suyu bu qədər çirkləndirmək olmaz”
 
Bunu Moderator.az -a açıqlamasında Biologiya üzrə fəlsəfə doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova  deyib. O daha sonra əlavə edib:
“Sallafan torbalar, plastik qablar, kəndirlər, tullantıların heç biri torpaq altında çürümür. Biz bunu sosial çarxlarda da görürük. Bu tullantıların təbiətdə parçalanması 150 il çəkir. Tısbağanın, suitinin ömrü nə qədərdir ki?! Həmin plastik qabları udan canlılar əlbəttə ki, məhv olurlar. Heç bir heyvan intihar etmir. Sadəcə olaraq ölümcül formada olurlar. Bundan sonra dalğalar həmin leşləri vurub sahilə atır. İnsanlar özlərini tərbiyyə etməlidirlər. Ekoloji mədəniyyət nə qədər ki, davam etməyəcək, bitkilər də, heyvanlar da məhv olacaq. Heyvan, bitki məhv olarsa biz insanlar da məhv olarıq. Təbiətdə, bizi əhatə edən mühitdə heyvanlar da, bitkilər də biz insanlar olmadan yaşaya bilərlər. Biz özümüzü daha ağıllı, daha üstün hesab edirik. Gəlin görək bitkilər və heyvanlar olmasa biz yaşaya bilərik?! Əlbəttə ki, yox. Biz nə qədər onları məhv etsək, bu bizə qarşı çevriləcək. COP29 tədbiri olsa da, olmasa da əsas insanların ekoloji tərbiyyəsidir. Bu bağçadan başlamalıdır. Ümid edirəm ki, COP29 tədbirinin müsbət təsiri olacaq. Əvvəllər uşaqlar üçün dərnəklər olurdu. Hansı ki, o uşaqlara təbiəti sevdirmək, təbiəti qorumaq öyrədilirdi. Bu ən-ənəyə başlasaq daha gözəl olar” deyə ekoloq bildirib.
Избранный
35
moderator.az

1Источники