RU

BAMF COP29-da İqlim Böhranına qarşı QHT-lərin rolu mövzusunda müzakirə təşkil etdi – FOTO

Dünən COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumunun Pavilyonunda “İqlim Böhranında QHT-lərin Rolunun Gücləndirilməsi: Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və Qida Təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi baş tutub.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən təşkil olunan bu tədbirdə yerli və beynəlxalq ekspertlər QHT-lərin iqlim böhranına qarşı fəaliyyətlərini gücləndirmək üçün konkret görüləcək işləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Panelin açılış nitqində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, iqlim böhranının kənd təsərrüfatı və su resursları üzərindəki təsirlərinə toxundu. O, xüsusilə, münaqişə sonrası ərazilərdə ekoloji və humanitar layihələr vasitəsilə icmalar üçün yeni inkişaf imkanları yaratmağı BAMF-ın bir vətəndaş cəmiyyəti təşkilatı olaraq əsas missiyalarından biri kimi qeyd etdi. Həmçinin, bu çətinliklərə cavab olaraq QHT-lərin su ehtiyatlarının idarə olunmasında, kənd təsərrüfatının davamlılığında və qida təhlükəsizliyinin qorunmasında əsas rol oynaya biləcəyini vurğuladı. Çıxışın sonunda Umud Mirzəyev iqlim dəyişikliyinin təsirlərini azaltmaq və yerli icmaların dayanıqlı inkişafını təmin etmək üçün QHT-lərin daha aktiv və strukturlaşmış təşəbbüslərə ehtiyacı olduğuna işarə etdi.

Panelistlər arasında ilk olaraq söz alan Belçikadan dəvət olunmuş Angelė Kėdaitienė, keçmiş Avropa Komissiyası üzvü və Club Climate Europe – Qlobal İqlim Məktəbinin baş katibi kimi Avropada iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və hökümətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyindən danışıb. O, son illərdə Avropa üçün yaşıl pakt (anlaşma) haqqında insanların məlumatlılığının artırılmasının vacibliyini və bu istiqamətdə sıravi insanların və QHT-lərin təşəbbüslərinin yüksək səviyyədə dəstəkləndiyini qeyd edib: “QHT-lərin dayanıqlılıq strategiyalarının tətbiqi baxımından çox böyük imkanları var. Onlar bu gün rahatlıqla iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyət götürə və öz təsir dairələrini genişləndirə bilərlər. Bunun üçün yaxşı şanslar var.

Mən BAMF və onun partnyoru “Sülhün Kökləri” təşkilatlarını bu şansları reallıqlara çevirən QHT-lər arasında nümunə çəkmək istərdim.”
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Leyli Ağayeva isə iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələlərinə toxunub: “İqlim dəyişikliyi kənd təsərrüfatı sektorunu ciddi sınaqlarla üz-üzə qoyur, amma eyni zamanda davamlı kənd təsərrüfatı sistemləri qurmaq üçün yeni imkanlar yaradır.

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, yerli icmaları gücləndirmək, iqlimə uyğun texnologiyaları tanıtmaq və resursların effektiv istifadəsini təşviq etmək məqsədi daşıyır. Vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edərək, iqlim dəyişikliyinə qarşı daha davamlı və səmərəli kənd təsərrüfatı qurulmasına nail ola bilərik.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndəsi Aysel Səlimova isə qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışıb: “Qida təhlükəsizliyi yalnız istehsal deyil, eyni zamanda məhsulların keyfiyyət və təhlükəsizlik standartlarının qorunması deməkdir və QHT-lərin bu sahədəki maarifləndirmə və təlim fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu gün iqlim dəyişikliyinin çox kəskin şəkildə qida təhlükəsiziliyinə təsirlərinin şahidi oluruq. Sevindirici haldır ki, bu gün bu təsirə qarşı mübarizədə beynəlxalq və lokal səviyyədə tərəfdaşlıqların sayı artmaqdadır.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru professor Əlövsət Quliyev, iqlim dəyişikliyinin post-konflikt ərazilərdə kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirlərinə toxundu. O, bu ərazilərdə su mənbələrinin, xüsusən də kəhrizlərin bərpasının əhəmiyyətini vurğuladı və QHT-lərin bu sahədə infrastrukturun yenilənməsi və ekosistemlərin bərpası üçün xüsusi layihələr icra etməli olduğunu bildirdi. Professor, post-konflikt bölgələrdə icmaların yenidən məskunlaşması və kənd təsərrüfatının inkişafı üçün su resurslarının bərpasının vacibliyini və QHT-lərin dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini xüsusilə diqqətə çatdırdı.

“4 Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platforması” təşkilatının prezidenti Kamel Esseghairi, iqlim böhranının təsirini azaltmaq üçün bərpa olunan enerji resurslarının kənd təsərrüfatına inteqrasiyasından bəhs etdi. Esseghairi, günəş və külək enerjisinin kənd təsərrüfatı və su ehtiyatları üzərindəki müsbət təsirini və davamlılıq yaratmaq üçün əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, QHT-lər bərpa olunan enerji mənbələrinin tətbiq etməli, bu texnologiyaların təşviqi üçün pilot layihələr həyata keçirməli və icmalarla əlaqəli məlumatlandırma kampaniyaları təşkil etməlidir. Esseghairi vurğuladı ki, bu gün Azərbaycanın qarşısında 2030-cu ilədək bərpa olunan enerji mənbələrini 30%-dək artırmaq kimi bir hədəf var. Mən inanıram ki, hazırda bu istiqamətdə aparılan siyasətin nəticəsində biz mühüm dəyişikliklərin şahidi olacağıq.

Panelin yekununda sual-cavab sessiyasında açıq müzakirələr baş tutub. Müzakirələr iqlim dəyişikliyinin kənd təsərrüfatı və qida təhlükəsizliyinə təsirlərini azaltmaq üçün QHT-lərin strateji rolunu vurğulayan və konkret fəaliyyətlərə yönəlmiş təkliflərlə yekunlaşdı.

Qeyd edək ki, BAMF 2013-cü ildən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) üzvüdür və indiyədək su resurslarının düzgün idarəolunması və icmalarda kənd təsərrüfatının inkişafı istəqamətində çoxsaylı layihələrin icraçısı olmuşdur.

Избранный
16
3
yenicag.az

4Источники