RU

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib -YENİLƏNİB-6

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli BMT-nin Baş katibi.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Mən sizin hamınızı Azərbaycanda salamlayıram.

Qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir ki, səfər edir. Ümid edirəm ki, onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaqdır.

Mən COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürümü bildirmək istərdim. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edirəm və Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdaram.

Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.

Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi.

Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.

BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

İndi isə mən Azərbaycanın Yaşıl gündəliyi haqqında bir neçə söz söyləmək istərdim. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.

COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.

Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq.

Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.

Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.

İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı. Sadəcə, bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü.

Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.

Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.

Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir.

Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər.

Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.

Digər ittiham məsələsinə gəldikdə, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır.

Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!

Sağ olun.

X X X

Sonra BMT-nin Baş katibi Antonio Quterreş çıxış edərək dedi:

-Cənab Prezident Əliyevə, COP sədri Muxtar Babayevə və eyni zamanda, Azərbaycan Hökumətinə qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Çox sağ olun.

Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər. Həqiqətən də sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır. Həqiqətən bir saata bənzəyən və bir toplam olaraq biz qlobal temperaturların 2,5-ə çatdırılmasına yaxınlaşırıq və vaxt bizim tərəfimizdə deyil. Bu, 2024-cü ilin əlavəsi və ən yüksək temperatur olaraq ən isti il olacaqdır, rekordları qıracaqdır. İqlim baxımından görürük ki, növbəti qasırğa çatmamış ailələr artıq evlərindən qaçırlar, biomüxtəliflik dağılır, insanlar, işçilər həqiqətən də isti bir dövrdə öz huşunu itirirlər. İnsanlar daşqınlardan, infrastrukturu dağıdılan təbii fəlakətlərdən, quraqlıqdan əziyyət çəkirlər, bitkilər tələf olur.

Bütün bunlar və digər faciələr, eyni zamanda, faktiki olaraq insanların səbəb olduğu iqlim dəyişmələri ucbatından baş verir. Burada hər hansı bir ölkə istisna deyil. Bu şoklar bütün xərcləri artırır. Dağıdılmış evlər sığorta haqlarının artımına səbəb olur. Meşələr məhv edilir. Bütün bunlar, həqiqətən də bir növ qaçılmaz ədalətsizliyə səbəb olur, bunu varlılar yaradır, yoxsullar isə onun haqqını ödəyirlər. Biz görürük ki, karbonlar və emissiyalar ortalama olaraq aşağı düşməsə, adaptasiya tədbirləri tətbiq olunmasa, bütün iqtisadiyyatlar daha böyük ziyana uğrayacaq. Amma bu kontekstdə hələ də ümidimiz qalır. COP28-də siz hər biriniz öz üzərinizə karbohidrogen resurslarından yayınma və xalis sıfra yaxınlaşma öhdəliyi götürmüsünüz. İqlimə uyğunlaşma tədbirlərini təşviq etməyə və eyni zamanda, iqtisadi baxımdan iqlim dəyişmələri planları və milli təklifləri qəbul etməyə söz verdiniz. İndi isə bu sözə əməl etməyin vaxtı çatıb. Bəşəriyyət sizi dəstəkləyəcək. BMT-nin İnkişaf Proqramı və Oksford Universiteti göstərir ki, dünyada əhalinin 80 faizi planda nəzərdə tutulan tədbirləri təşviq etməyə hazırdır. Alimlər, gənclər - hər kəs bu dəyişikliyi tələb edir. Onları eşitmək və duymaq lazımdır, səslərini kəsmək deyil. Beləliklə, daha çox bərpaolunan enerjilər, hər yeni innovasiyalar və hər qiymətin aşağı salınması ilə irəliləyişə nail olmaq imkanınız olacaqdır. Şəbəkələrə və bərpaolunan enerjiyə qoyulan sərmayələr karbohidrogen resurslarından daha çox idi. Demək olar ki, hər yerdə Günəş və külək enerjisi istehsalı ən ucuz variantdır. Ona görə bu resursların, karbohidrogen resurslarının olmaması problem olmayacaqdır və yeni biznes, hər hansı bir ölkə onu dayandıra bilməz. Beləliklə, bərpaolunan enerji hökm sürəcək. Biz əmin olmalıyıq ki, bu, çox sürətli olmalıdır ki, temperaturlar 2,5-dən yuxarı qalxmasın. Eyni zamanda, burada üç prioritetə fokuslanmaq istərdim. İlk növbədə, emissiyaların azaldılması. Qlobal temperaturun azaldılması və 2,5 Selsiyə çatdırılması üçün qlobal emissiyanı hər il 9 faiz azaltmalıyıq. Bu, 2030-cu ilə qədər 43 faiz azalmalıdır. Təəssüf ki, 2019-cu ilin baza xəttinə əsasən bu emissiyalar hələ də artmağa davam edir.

Bu COP sammitində səmərəli karbon bazarının yaradılmasına dəstək göstərilməsi çox önəmlidir. Dünən də biz bu məsələni müzakirə etdik. Təbii ki, yeni bazar qaydaları təmin edilməlidir. Yerli ictimaiyyətlərə torpağın alınmasına və yaxud da hər hansı bir digər problemə icazə verməmək üçün işlər görülməlidir, iqlim dəyişikliyi planları hazırlanmalıdır. Razılaşdıq ki, sizin yeni planlarınız 1,5 temperatura uyğun olacaq. Bu, o deməkdir ki, həmin plan bütün emissiyaları və iqtisadiyyatları əhatə etməlidir.

Qlobal ehtiyacları nəzərə alaraq enerji səmərəliliyinin ikiqat artırılması və səhralaşmanın qarşısının alınması önəmlidir. Qlobal karbohidrogen resursları 30 faiz azalmalıdır. Eyni zamanda, ölkə daxilində enerji keçidi dayanıqlı iqlim məqsədlərinə, iqlim dəyişikliyi tədbirlərinə uyğun olmalıdır ki, lazımi investisiyaları təşviq edək. Bütün bunlar yerli şərait nəzərə alınaraq ortaq və eyni zamanda, paylaşılmış məsuliyyət əsasında reallaşmalıdır. Amma əlbəttə ki, hər bir ölkə öz işini görməlidir və G20 bu istiqamətdə lider olmalıdır. Onlar ən böyük emissiya edən ölkələrdir. Onların məsuliyyəti daha da yüksəkdir. Onlar texnoloji transferi və keçidi təmin etməlidirlər, inkişaf edən ölkələrə dəstək göstərməlidirlər, bütün dövlətlərin əlində lazımi alətlər və resurslar olmalıdır. BMT bu səylərə dəstək göstərməyə tam hazırdır. İnkişaf edən ölkələrə yeni milli səviyyədə cəlb olunmuş töhfələr, eyni zamanda, ədaləti bərqərar etmək bərpaolunan enerji sektorunda kritik enerji keçidi təşəbbüsləri vasitəsilə bunu etməyə nail olacağıq. Amma nəticə etibarilə bu işi bacara biləcək ölkələr məhz sizsiniz. Ancaq siz bu saata qarşı mübarizə apararaq 1,5 dərəcə hədəfinə nail ola bilərsiniz.

İkincisi, siz öz xalqlarınızı, insanlarınızı iqlim dəyişmələrinin və iqlim böhranlarının fəsadlarından müdafiə etməlisiniz. Eyni zamanda, adaptasiya ehtiyacları ilə maliyyə arasında olan boşluq 2030-cu ilədək milyardlarla dollara bərabər və ya 300 milyarddan yuxarı olacaqdır. Çatışmayan bu vəsait hər hansı hesabatda qeyd olunan rəqəm deyil. Bu, həyat itkiləri, infrastrukturun dağıdılması deməkdir. Bu cür maliyyə vədlərini icra etmək lazımdır. 2025-ci ilə qədər ən azı 40 milyard dollar vəsait toplanmalıdır. Adaptasiya və investisiya iqtisadiyyatları dəyişə və Dayanıqlı İnkişaf Məqsədləri ətrafında formalaşa bilər. Ölkələr yeni fəaliyyət planları hazırladığı zamanda məhz maliyyə vəsaiti bu şəkildə formalaşacaq, dünyada hər kəs erkən xəbərdarlıq sistemləri tərəfindən qorunmalıdır. Bütün təşəbbüslər üzrə bu erkən xəbərdarlıq sistemləri qurulmalıdır, eyni zamanda, iqlim ədalətliliyinə ehtiyacımız var. Həmçinin İtki və Zərərə Cavab Fondundan danışaraq bu cür vəsaiti lazım olan insanlara çatdırmaq önəmlidir.

Eyni zamanda, çarpaz şəkildə olan bütün sektorlara fundamental baxsaq, üçüncü prioritet məhz maliyyədir. İnkişaf edən ölkələr, əlbəttə ki, bir sıra problemlərlə üzləşir. Çatışmayan dövlət infrastrukturu vəsaiti, eyni zamanda, iqlim dəyişmələri, borclanma və digər sahələrdə böyük çətinliklər mövcuddur. Məhz bunun nəticəsində adaptasiya tədbirləri də ləngiyə bilər. Çin istisna olmaqla, keçən il ərzində inkişaf edən və meydana çıxan yeni bazarlar investisiya olunmuş hər bir dollara cəmi 15 sent alıb. COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminəm ki, buna birlikdə nail olacağıq.

Yeni maliyyə imkanları və bu istiqamətdə beş əsas element lazımdır. Birincisi, dövlət investisiyalarının kəskin şəkildə artırılmasıdır. Dövlət investisiyaları səfərbər olunmalı, inkişaf edən ölkələrə trilyon dollarlarla vəsait ayrılmalıdır. İnnovativ resurslar, xüsusən aviasiya, karbohidrogen mədən işləridir və buna görə də çirkləndirici tərəflər “daha çox ödəməlidir” prinsipinə əsasən ödəməlidir. Şəffaflıq, hesabatlılıq olmalıdır ki, həqiqətən də bu vəsait reallaşsın. Bu işə daha böyük çoxtərəfli banklar cəlb edilməlidir və əminəm ki, yaxşı xəbərlər olacaq. Burada böyük kapital qoyuluşu səylərinə və biznes modellərin islahatlarına ehtiyac var ki, onlar özəl sektordan əlavə vəsait ala bilsinlər. Bu resurslar çatışmayan kimi görünə bilər, amma onlar çoxtərəfli sistemdə böyüyə bilər. Böyük nəticələr böyük dəyişikliklər tələb edir. Beləliklə, sentyabr ayında Nyu-Yorkda əldə etdiyimiz konsensusa əsasən irəli getməliyik.

Beləliklə, bütün dövlət nümayəndələrinə müraciət etmək istəyirəm ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır. Vaxt gedir, sizə inanıram, sizə təşəkkürümü bildirirəm.

x x x

Daha sonra Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti, zati-ailələri, hörmətli cənab İlham Əliyev.

BMT-nin Baş katibi, zati-ailələri, hörmətli cənab Antonio Quterreş.

COP29-un Prezidenti, zati-aliləri, hörmətli cənab Muxtar Babayev.

Hörmətli dövlət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, COP29 Sammitinə təşrif buyuran qonaqlar, səfirlər, merlər.

Əssəlamü əleyküm və rəhmətullahu və bərəkətuhu. Günortanız xeyir.

Bu auditoriyada iqlim böhranı barədə açılış sözü ilə çıxış etmək həqiqətən də böyük şərəfdir. Mer, icma rəhbəri, qadın lider, eyni zamanda, bir nənə olaraq xalqın sözünü sizə çatdırmaq imkanı yaratdığınıza görə hər birinizə təşəkkür edirəm. Bu cür tədbirlər həqiqətən də həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün yaxşı fürsətdir. Tam əminliklə deyə bilərəm ki, hər birimiz ümidlərimizi reallaşdırmaq və daha nikbin bir gələcək üçün çalışmaqda davam edəcəyik.

BMT Məskunlaşma Proqramının sabiq icraçı direktoru olaraq, COP29 Sədrliyinə təşəkkürümü, eyni zamanda, uzaqgörən əməkdaşlıq əsasında həm Dubay, həm də digər tərəflərlə davamlı şəkildə bu COP-un keçirilməsi münasibətilə təbriklərimi çatdırıram. COP29 Sədrliyinə, eyni zamanda, təşəkkürümü bildirirəm ki, şəhərsalma və iqlim dəyişmələri ilə bağlı tədbirlərə davamlı şəkildə nazirlik səviyyəsində ev sahibliyi etdiniz. Dubayda keçirilmiş COP28-dən sonra çoxtərəfli iqlim dəyişmələri ilə bağlı fəaliyyəti müxtəlif tədbirlərlə davam etdirmisiniz. Malayziyanın paytaxtı Kuala Lumpurun meri olaraq təsdiq edə bilərəm ki, iqlim dəyişmələrinin təhlükələri çox realdır. Bir çox şəhərlərdə olduğu kimi, bizim şəhərimizdə də uzunmüddətli istilik dalğalarından tutmuş ən böyük qasırğalara qədər müxtəlif təbii fəlakətlərin şahidi oluruq. Biz bu problemlərin həllinə töhfə verə bilərik. Biz davamlı olaraq şəhərlərdə yaşıllıq sahələrinin yaradılmasına investisiya ayırmalı və eyni zamanda, karbon emissiyalarının azaldılmasına töhfə verməliyik. Biz bu problemlərin həllinə öz töhfəmizi verə bilərik və biz davamlı olaraq şəhər yaşıllıq sahələrinin yaradılmasına investisiya ayırmalı və eyni zamanda, karbon emissiyalarının azaldılmasına töhfə verməliyik. Biz şəhər mərkəzlərinin, biomüxtəliflik qovşaqlarının yaradılması, şəhərlərin biomüxtəlifliklə zəngin mühitlərə çevrilməsi də daxil olmaqla, ekstremal iqlim hadisələrinin qarşısını almaq üçün təbiət əsaslı həllər təklif edirik.

2040-cı ilə qədər 1,3 milyard plastik torba artıq mühitdə olacaq. Bizim qanımızda, hətta uşaqların, hamilə qadınların qanında mikroplastik elementlər qeydə alınır. Bütün bu çağırışlara baxmayaraq, düşünürəm ki, bizim şəhərimiz ən uğurlu şəhərlərdən biridir, nisbətən təhlükəsiz bölgədə yerləşməklə biz özümüzü şanslı hiss edirik.

Cənab Prezident, COP29-a Azərbaycanda, Bakıda ev sahibliyi etdiyinizə görə təşəkkür edirəm. Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Siz öz şəhərlərinizi yenidən bərpa edirsiniz. Bunu Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən edirsiniz.

Bildiyimiz kimi, azərbaycanlı şair Nizami Gəncəvi öz şeirlərində söyləyib ki, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərdən və təşkilatlardan multilateral yanaşmağı və BMT-yə dəstək göstərməyi xahiş edirəm. COP29-da daha dəqiq tədbirlər, vaxtlar və son tarixlər ilə bir yerdə planetimizi qorumalıyıq. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq. İtki və Zərər Fondunu, COP29 maliyyə fondunu təmin edən bir sammit olaraq da əmin olmalıyıq ki, lazımi vəsait ən çox ehtiyac duyan insanlara çatacaq.

Xanımlar və cənablar, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm ki, şəhərsalma və urbanizasiya proseslərində davamlı şəkildə iştirak etməyə imkan yaratmışdır. COP29 Məşvərət Şurasına və eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gənclərlə, gənc alimlərlə birlikdə innovativ ideyalar irəli sürmək və müzakirə etmək imkanına görə təşəkkür edirəm. Eyni zamanda, gender bərabərliyinə əsaslanan bir platformada öz tövsiyələrimizi paylaşmağa, gələn il Qlobal Bakı Forumunda da bu istiqamətdə müzakirələr aparmağa davam edəcəyik.

İki həftə Azərbaycanda davam edəcək COP29 Sammitinə qatılan dövlətlərə, maraqlı tərəflərə və biznes sektoruna müraciət etmək istəyirəm ki, mühüm nailiyyətlərə imza ata bilmək üçün daha sıx əməkdaşlıq etməli, təcili tədbirlər görməliyik. Bu gün burada Malayziyanın ətraf mühit naziri də iştirak edir. Biz əvvəlcə planetimizi, insanları, ondan sonra öz mənfəətimizi düşünməliyik.

Hörmətli cənab Prezident.

Zati-aliləri.

Hər birinizə təşəkkür edirəm. Burada çoxtərəfli iqlim dəyişmələri ilə mübarizə tədbirləri barədə müzakirələr aparırıq. Fikrimcə, bəyanatlar kifayətdir, artıq fəaliyyətə başlamalı, bunu əməldə göstərməliyik. Nizami Gəncəvi də əsrlər öncə bunu söyləyib. Bizim əməllərimiz bizə imkan verəcək ki, bu öhdəliklərə cavab verək, onları icra edək. Yer Kürəmizə, planetimizə, sülhə gəlin, bir yerdə şans yaradaq və nəticə etibarilə gələcəyimizi qoruya bilək.

Hər birinizdən, burada əyləşən bütün dövlət başçılarından, bütün liderlərdən xahiş edirik ki, müharibələrə son qoyun. Heç bir dayanıqlı inkişaf müharibə şəraitində mümkün deyil. Gəlin, sülhə can ataq. Son nəfəsimizə qədər buna can ataq.

Sağ olun.

x x x

Sammitdə NASA astronavtları xanım Sunita VilyamsNik Heyqin Beynəlxalq Kosmik Stansiyadan xüsusi videomüraciəti nümayiş olundu.

Sunita Vilyams: Beynəlxalq Kosmik Stansiyadan sizi salamlayırıq və NASA-dan olan həmkarımla birlikdə bu mesajı göndəririk.

Nik Heyq: Kosmosdan Yer planetinə baxdığımız zaman görürük ki, həqiqətən biz bir-birimizə bağlıyıq. Qasırğalara, əriyən buzlaqlara, eyni zamanda, yanğınlara baxdığımız zaman görürük ki, planetimiz hər saniyə dəyişir.

Bu stansiyadan müşahidə apardığımız zaman bizim tərəfdaşlarımız və NASA əməkdaşları mesajımızı səmərəli şəkildə dünya ilə paylaşmağa hazırdır.

Sunita Vilyams: Bizim missiyamız dəniz səviyyəsi, qaz emissiyaları, artan temperatur, səhralaşma və eyni zamanda, flora və faunadakı problemlər barədə məlumatları kosmosdan Yer kürəsinə ötürməkdir.

Biz beynəlxalq komanda olaraq Azərbaycana, eyni zamanda, COP29-da iştirak edən bütün tərəflərə planetimizin gözəlliyini və təhlükəsizliyini qoruduğuna görə təşəkkürümüzü bildiririk.

x x x

Liderlər Sammitinin açılış mərasimi mədəni proqramla davam etdi.

Избранный
12
31
sia.az

10Источники