RU

“Səbail” Cavid Hüseynovla; hara gedirsiniz..?

Şahin Diniyevin istefasından sonra bir tur keçdi, “Səbail” yeni baş məşqçisini elan etdi – Cavid Hüseynov. Haşiyə çıxıb qeyd etmək olar ki, Hüseynovun təyinatının açıqlanması həm də Firuz Qarayevin, nəhayət, görünməsi ilə əlamətdar oldu…

***

Pro kateqoriyalı Şahin Diniyevi A kateqoriyalı məşqçi əvəzlədi. İnsafən, “Səbail”in klub kimi ideyası, qayəsi məlum olmasa da, Diniyevə xeyli şans verdi. Qocaman mütəxəssis bir mövsüm, “…gənc və perspektivli heyətimiz var” dedi, digər mövsümə, “6-cı yer uğrunda mübarizə aparacağıq” iddiası ilə başladı, cari mövsümü də, “güclənməliyik” deyə-deyə komandanı turnir cədvəlinin “zirzəmisinə” tərəf yuvarladı.

Hər halda, Diniyev futbolumuzda nadir hadisə sayılan istefa mədəniyyətini nümayiş etdirdi.

***

“Səbail” Diniyevlə pis gedişatı sonlandırmaq üçün Premyer Liqa təcrübəsi olmayan Cavid bəyə etimad göstərdi. Burda yeganə real arqument, “gənc, iddialı məşqçi” – söhbəti ola bilər. Ki, bu da çox riskli məsələdir.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin köməkçisi kimi cəmi üç aya nə öyrənibsə, buyursun. Amma bu məsələnin də ciddilikdən çox yumor tərkibi diqqəti çəkə bilər.

***

Hər halda, “Səbail” gənc və perspektivli məşqçiyə həvalə etdiyi “sükanı” barədə ciddi düşünüb yəqin. Bunadək Region Liqası və divizion səviyyəsində baş məşqçi işləmiş Hüseynov paralel olaraq AFFA-nın məşqçi kurslarında kateqoriya artırmağa çalışırdı.

Tamamilə utopik və yəqin ki, intuitiv şəkildə atılan bu addımda yanılmama ehtimalına güc-qüvvət arzulayaq. Hələlik bu qədər…

Kamil Əhməd

P.S.
Vaqif Cavadovun “Sumqayıt”da debütü yaxşı alındı. Ancaq onun aşağı yaş qrupları üzrə üç müxtəlif komandada uğurlu nəticəsi də var idi.

P.P.S.
Ekspromtlar uğurlu alınanda salyut effektli olur, uğursuz olanda isə alternativlərinə nisbətən daha ağrılı nəticələr doğurur.

Избранный
29
futbolpress.az

1Источники