RU

Qadınların tələbi artıb, yoxsa kişilərin dözümü azalıb?

“Kişilərin evlilik və romantik münasibət kontekstlərində bir çox şeyi etməyə "məcbur" olduğu anlayışı heç kimə yad deyil.

Burada diqqət verilməli olan məqam budur ki, kişilər tam olaraq hansı şeyləri etməyə "məcbur"durlar?” 

Bu sözləri "Cümhuriyət "-ə açıqlamasında sosioloq Yusif Nəbiyev deyib. Onun sözlərinə görə, tarixən bir çox mədəniyyətlərdə formalaşmış sosial normalara görə münasibətlərdə (eləcə də ailədə) kişi təmin edən, qoruyan və idarə edən tərəfdir. Qadın isə qayğı göstərən, evi yuvaya çevirən, evin mənəvi və psixoloji aurasının müsbətliyini, istiliyini təmin edən tərəfdir:

"Bu dünyagörüşünə əsaslanan sosial strukturlarda kişilərdən tələb olunan şeylər onun təminedici, qoruyucu, idarəedici funksiyalarını yerinə yetirməsidir. Bu dünyagörüşünün  olduğu ailə və münasibətlərdə kişi təmin edən olmalıdır. Pul qazanmalı, evin ehtiyac duyulan fiziki işlərini görməli, evin və ya münasibətin təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri almalıdır". 

O bildirib ki, bu tələbləri edən xanımlar öz öhdəliklərini də yaxşı anlamalıdırlar:

"Onlar da öz paylarına düşənləri- qayğı göstərmək, münasibətdəki mənəvi və psixoloji istiliyi, hüzuru təmin etmək və idarə olunmaq (kişiyə tabe olmaq) kimi öhdəlikləri qüsursuz yerinə yetirməlidirlər". 

Sosioloq vurğulayıb ki, eqalitarian yanaşma isə genderlərin fərqli rollarının olduğunu qəbul etmir:

"Xüsusilə feminist dünyagörüşü tərəfindən mənimsənən eqalitarian yanaşmada hər iki tərəf hər şeyi ortaq şəkildə etməlidir. Kişi qazanırsa, qadın da qazanmalıdır. Kişi ailənin və ya münasibətin davamlılığını qorumaq üçün nə qədər məsuliyyət götürürsə, qadın da o qədər məsuliyyət götürməlidir. Evin hər mənada səliqə-sahmanlı olması üçün də hər iki tərəf eyni qədər enerji sərf etməlidir". 

Yusif Nəbiyev hesab edir ki, Azərbaycanda tarixən birinci qeyd edilən dünyagörüşü hakim olub. Bu baxımdan, kişilərdən gözləntilər də məhz bu yöndədir:

"Amma bəzən cəmiyyətimizdə sui-istifadə hallarına rast gələ bilirik. Ənənəvi yanaşmanı düzgün bilən xanımlar kişilərdən təminat, təhlükəsizlik kimi şeyləri tələb etdikləri halda, bu dünya görüşünün onların öz genderlərinə biçmiş olduğu kişiyə tabe olmaq, qayğı, diqqət və sevgi göstərmək, xoş mənəvi auranı qorumaq kimi öhdəlikləri yetərincə yerinə yetirmirlər. Həm öz qərarını özünün verə biləcəyini deyir, amma eyni anda kişidən də ailəni hər mənada təmin etməyi və qorumağı tələb edirlər.

Düşünürəm ki, bu kimi məqamlarda fərqli dünyagörüşlərini paylaşmaq o insanların münasibətlərini və ailə institutu altında birləşmələrini az qala mümkünsüz edir. Evlilik öncəsi tanışlıq dövründə gənclərimiz sadəcə kofeşoplarda vaxt keçirmək, qarşılıqlı komplimentlərlə bir-birlərinin eqosunu şişirmək və ya yersiz mübahisələrlə psevdo-yetkin obrazı yaratmaqdansa, məhz bu kimi mövzular üzərində söhbət etməli, öz münasibət və evliliyə dair dünya görüşlərini tanımağa çalışmalıdırlar". 

Избранный
24
cebheinfo.az

1Источники