RU

Azərbaycana qarşı qurulan COP29 planları iflasa uğradı

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi fonunda Azərbaycana qarşı müxtəlif istiqamətlərdən kampaniyaların təşkili müşahidə edilir. COP29 ərəfəsində başlayan bu kampaniyalar qlobal iqlim problemlərinin müzakirəsi zamanı daha da aktivləşib. Kampaniyada iki iddia ana xətt olaraq seçilib.

1. Neft-qaz ölkəsində iqlim tədbiri keçirilə bilməz;

2. "İnsan haqlarının pozulduğu” ölkədə qlobal iqlim tədbiri keçirilməməlidir.

Hər iki iddianın kökündə absurd və ziddiyyətli məqamlar yer alır. Azərbaycan karbohidrogen ehtiyatlara malik olan ölkədir, lakin bu, Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı dediyi kimi, "Tanrının bəxş etdiyi hədiyyədir”.

Və bu iddia fonunda xüsusilə iki məqama diqqət etmək lazımdır.

Birincisi, COP-un keçirildiyi ölkələrin siyahısına;

Bu siyahıda yer alan ölkələr arasında iqtisadiyyatı və ixracatı əsasən neft-qazdan ibarət olanların sayı yetərincədir. Misal üçün, neft hasilatına malik olan Argentinada COP tədbiri iki dəfə keçirilib, Kanada, Cənubi Sudan, Peru, Misir, Meksika, Mərakeş, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də bu siyahıda yer alır. Yaxud COP-a ev sahibliyi etmiş Hindistan kömür istehsalına görə dünyada ön sıralarda qərarlaşır.

COP-a ev sahibliyi edən ölkələrin əksəriyyətində neft-qaz sənayesi miqyasından asılı olmayaraq mövcuddur. Bu kontekstdə Azərbaycana qarşı "neft-qaz ölkəsi” ittihamını irəli sürmək absurd yanaşmadır. Bu, ya "Tanrının hədiyyəsindən” məhrum olan ölkələrin təbii sərvətlərə malik olan ölkələri həzm edə bilməməsindən, ya da anti-təbiğat kampaniyasının gerçək hədəflərini "neft-qaz faktoru” ilə pərdələmək istəyindən irəli gəlir.

İkincisi, Azərbaycana qarşı infotəxribat kampaniyasının mənbəyi;

COP29 üzərindən Bakıya hücum kampaniyası Qərb mediası və QHT-ləri tərəfindən həyata keçirilir. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm payçılardan biridir.

Burada paradoks ortaya çıxır: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol oynayanda etibarlı tərəfdaş hesab olunur, qlobal iqlim problemlərinin müzakirəsinə ev sahibliyi edəndə "neft-qaz ölkəsi”?! Bu məqam COP29 üzərindən Bakıya qarşı aparılan kampaniyaya "ev sahibliyi” edən ölkələrin qeyri-səmimiliyi və riyakarlığını ifşa edir.

Əliyevdən "neft-qaz” ittihamına qarşı "master-klass”

COP29 Liderlər Sammitində çıxış edən Prezident İlham Əliyevin verdiyi mühüm mesajlar Azərbaycana qarşı aparılan kampaniyanı da tamamilə ifşa etdi. Dövlət başçısının toxunduğu bir neçə məqama diqqət edək:

- "Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir”.

- "Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.

- "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”.

- "Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir... Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər. Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.

Избранный
11
3
ulusum.az

4Источники