RU

Adəm İsmayıl Bakuvi: “Azərbaycan ən yaxın vaxtlarda bərpaolunan enerji ixracatında da aparıcı mövqelərə sahib olmağa çox iddialıdır”



“BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ümumi fəaliyyət prinsiplərinə dair imzalanmış bir müqavilədir. Azərbaycan bu Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu keçən ilin dekabr ayında 200 ölkənin yekdil qərarı ilə qazanmışdır. Əlbəttə ki, bu qərar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunu bir daha təsdiq etməklə Qərbin müəyyən anti-Azərbaycan dairələrinin xudbin heysiyyatlarına da növbəti zərbə oldu. Məhz buna görə ölkəmizə qarşı informasiya hücumları COP29-a hazırlıq dövründə xüsusi intensivliyi ilə seçilirdi. Təbii ki, bu dairələrin ölkəmizi qısqandıqları məqam heç də sadəcə Tərəflər Konfransı ilə bağlı deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məsələyə kifayət qədər aydınlıq gətirilmiş, tədbir iştirakçılarına detallı açıqlamalar təqdim olunmuşdur. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatı təmin olunmuş və müstəqil siyasət həyata keçirən güclü ölkəyə çevrilə bildi. Dörd il öncə bu ölkə, bu xalq öz Prezidentinin ətrafında birləşərək İkinci Qarabağ müharibəsində tarixi Qələbəni əldə etdi. Keçən il isə ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun baş verdi. Azərbaycan otuz il kağız üzərində qalan həmin qətnamələrin tələblərini öz gücü ilə icra etdi, beynəlxalq hüququ və ədaləti bərpa etdi, Ermənistanın işğalına son qoydu. Aydındır ki, anti-Azərbaycan əhval-ruhiyyəli qüvvələri qıcıqlandıran ən başlıca səbəblər də məhz elə bu sayılanlardır.”

Bunları aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi paytaxtda COP29-un öz işinə başlaması ilə bağlı fikirlərini paylaşarkən deyib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin çıxışında yer almış və Azərbaycanın Yaşıl Gündəliyi barədə səslənən fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Məlumdur ki, bu gün Avropa İttifaqına daxil olan ölkələrin gündəliyində duran ən vacib məsələlərdən biri məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan qeyd etmək olar ki, daha yeni marşrut olan Cənub Qaz Dəhlizinin önəminin getdikcə artması da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmiatında rolu ilə bağlıdır. Bununla belə son vaxtlar Azərbaycanın bərpaolunan enerji layihələri də yüksək göstəriciləri ilə daha çox tərəfdaşlarımızın və digər ölkələrin diqqətini cəlb edir. Təbii ki, ölkəmizin yaşıl enerji sahəsində çalışmaları və qısa müddətdə əldə olunan nailiyyətlər diqqətə layiqdir. Öz çıxışında cənab Prezident Azərbaycanın Yaşıl Gündəliyini təqdim edərək bildirdi ki, ölkəmizin hazırda bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il “Masdar” şirkəti Azərbaycanda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasının inşasını həyata keçirir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Diqqətəlayiq haldır ki, Yaşıl gündəlik ölkəmizin müxtəlif bölgələrini əhatə edir. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ölkə ərazisinin demək olar ki, 25 faizidir. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan ən yaxın vaxtlarda bərpaolunan enerji ixracatında da aparıcı mövqelərə sahib olmağa çox iddialıdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Избранный
24
aia.az

1Источники