RU

Hədəfə doğru: COP29-dan əsas gözləntilər özünü doğruldacaq

COP29 kimi məşhur bir tədbirə ölkəmizin ev sahibliyi etməsi, iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda yaxından iştirak etməsi Azərbaycanın beynəlxalq arenada vacib aktora çevrilməsinə səbəb olur. Dövlət başçısı İlham Əliyevin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” çağırışı hazırda planetimizə səs salan, Azərbaycanın gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini, ölkəmizə qazandırdığı növbəti dividendləri özündə ehtiva edir. 

Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün reallıqları barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu rəqəmləri xüsusi qeyd etdi ki, COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Onların sırasında 80 Prezident, vitse-prezident və Baş nazirlər var.
COP29 Dünya Liderləri Sammiti çərçivəsində “İqlim maliyyələşdirməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib. COP29 Sədrliyi tərəfindən təşkil edilən tədbir dünya liderləri, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarının iştirakı ilə iqlim maliyyələşməsi və qlobal iqlim fəaliyyətinin gələcək perspektivlərinə həsr olunub. Tədbirdə COP29 çərçivəsində iqlim maliyyələşməsi üçün ortaq məxrəcin əldə olunması və Paris Sazişinin məqsədlərinə çatmaq üçün maliyyə razılaşmasının əhəmiyyəti diqqət mərkəzində dayanıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında iqlim maliyyələşdirilməsi mövzusunun əhəmiyyətini vurğulayıb və bildirib ki, hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazım olan iqlim maliyyələşdirməsini bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb: “COP29 Sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün artıq uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb. Onların bir ortaq fikrə gəlməsi üçün indi uğurlu fürsət yaranıb. Hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər. İqlim maliyyələşdirilməsini necə daha effektiv etmək barədə fikirlərinizi və daha geniş maliyyə arxitekturasına töhfə vermək üçün konkret planlarınızı eşitməyi səbirsizliklə gözləyirik”.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında bildirib ki, müasir dünyada hər il yaşıl texnologiyalara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yeganə cavab ola bilməz. Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, yaşıl iqlim hədəfləri istiqamətində səylər birləşdirilməlidir. Bunun üçün, həmçinin qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir. Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışlarında çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün aparılan işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda, ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək mühüm əhəmiyyət kəsb edir. Dəyirmi masada müxtəlif ölkələrin yüksəksəviyyəli təmsilçiləri iqlim maliyyəsi ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, emissiyaların azaldılması üçün səylərin gücləndirilməli olduğunu ifadə ediblər. Qeyd edək ki, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Liderlər sammitində dövlət rəhbərləri, o cümlədən beynəlxalq qurum başçıları olduqca mühüm məqamlara toxunublar. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır: "Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq”. Böyük Britaniya rəsmisi Keir Starmer də bəyan edib ki, Böyük Britaniyanın NDC-si 2035-ci ilədək bütün istixana qazları emissiyalarını 81 faiz azaltmaqdır. ABŞ təmsilçisi Con Podesta diqqətə çatdırıb ki ABŞ-də ilk dəfə olaraq böyük neft və qaz hasilatçıları buraxdıqları metan üçün ödəniş etməli olacaqlar. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, ağıllı və proqramlı olmaq lazımdır: "Keçid ağrısız olmayacaq. Avropada tənzimləmənin yenidən qurulmasına ehtiyacı var.
Hər ölkənin öz yolu olmalıdır. Xəsislik Avropanın ictimai rifahıdır. Avropaya uyğunlaşma üçün daha çox resurs lazımdır".İtaliyanın Baş naziri Giorgia Meloni hesab edir ki, konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir: "İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırır. Biz həmçinin yaşıl iqlimi və zərər və ziyan fondlarını dəstəkləyirik.
Qalıq yanacaq təchizatı üçün vahid alternativ yoxdur. ÜDM-in artımı qlobal miqyasda enerji istehlakını artırır. Biz enerji forumunu geosiyasi silahdan geniş şəkildə əlçatan resursa çevirə bilərik. Sülh Naminə Azərbaycan Prezidentliyinə təşəkkür edirik. COP-un uğurlu və ya uğursuz olması bizdən asılıdır". Gürcüstanın baş naziri İrakli Kobaxidze də tədbirə görə, Azərbaycan Prezidentinə təşəkkür edib: "COP Qafqazda ilk dəfədir. Azərbaycana uğurlar arzulayıram.
Gürcüstan COP29-un uğurlu nəticələrinə nail olmaq və Cənubi Qafqazı imkanlar və uğur regionuna çevirmək üçün Azərbaycandan olan qonşuları və dostları ilə işləməyə davam edəcək". 
İqlim dəyişmələri üzrə Kiçik Ada Dövlətlərinin Liderlər Sammitində də diqqəti çəkən məqamlar var. Panellərdə kiçik ada dövlətlərinin rəhbər şəxsləri Azərbaycana minnətdarlığını ifadə etdilər. İqlim dəyişmələrinin bu ölkələrə fəsadlarından danışdılar, iqlim maliyyəsinə əlçatanlığın vacibliyini vurğuladılar. "Commonwealth"in Baş katibi Patrisiya Skotland Azərbaycan Hökumətinin və Azərkosmosun "Commonwealth" ilə imzaladığı 2 Memoranduma görə təşəkkürünü bildirdi. Qrenadanın Baş Naziri, CARICOM-un sədri Dikon Mitçell COP29-un “good COP” olacağına inandığını söylədi. "Green Climate Fund"un içraçı direktoru Mafalda Duarte Fonda əlçatanlığın təmin olunması istiqamətində tədbirlər gördüklərini bildirdi. "Loss and Damage Fund"ın içraçı direktoru Ibrahima Şeyx Diong Fondun işə salınmasında Azərbaycanın liderliyini vurğuladı və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırdı. Sammitin nəticəsi olaraq Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi qəbul olundu. olaraq Kiçik Ada Dövlətlərinin Səslərinin Gücləndirilməsinə dair Bakı Bəyannaməsi qəbul olundu. 


Millət vəkili Naqif Həmzəyev Sherg.az-a  bildirib ki, Azərbaycan uzun illərdir ki, ekoloji layihələri öz ərazisində uğurla keçirir. Deputatın sözlərinə görə, xüsusilə də ənənəvi enerji resurslarına malik ölkə olmağımıza baxmayaraq, biz alternativ enerji resurslarının istehsal edilməsinə ən çox sərmayə yatıran ölkəyik: 

"Azərbaycan bununla da kifayətlənməyərək yaşıl enerjinin Avropaya ixrac edilməsi ilə bağlı meqa layihə həyata keçirir. Artıq bu layihənin icrası ilə bağlı şərqi Avropa ölkələri ilə də tərəfdaş qismində çıxış edirik. Bu layihənin icrası Avropa enerji təhlükəsizliyində və xüsusilə də Avropanın yaşıl enerjyə keçidində müsbət rol oynayacaq. Bütün bunlarla yanaşı Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin vacibliyini anlayır. Elə bu səbəbdən yalnız özünü yox, eynin zamanda köməyə ehtiyacı olan digər dövlətləri də düşünür. Məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində bunu dəfələrlə sübut edib. Sonrakı dövrdə də ölkəmiz bu prizmadan məsələrə yanaşaraq dünya dövlətlərini həmrəyliyə səsləyib. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadla bağlıdır. Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, bu tədbirlər yüksək səviyyədə həyata keçirilib. Azərbaycanın sadaladığım məsələlərlə bağlı müsbət yanaşması nəticə etibarilə COP29 tədbirinin də Azərbaycanda keçirilməsinə gətirib çıxardı. Dünya liderləri artıq Azərbaycandadır. Yaxın günlər ərzində ölkəmizdə çox önəmli qərarların alınacağını və bir çox problemlərin həlli ilə bağlı birgə qərarlar veriləcəyinə şahidlik edəcəyik. Azərbaycana təşrif buyuracaq dünya liderləri və bütün ekspertlər, ekoaktivistlər Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlar. Uzun illər burada qəbul edilmiş qərarlar, xüsusilə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə, istiləşmənin qarşısının alınması ilə bağlı birgə qərarların qəbul edilməsi uzun illər Azərbaycan və Bakını yaddaşlarda saxlayacaq. İnanırıq ki, bu tədbirin ölkəmizdə keçirilməsi gələcəkdə də bu cür mötəbər tədbirlərin keçirilməsi üçün zəmin yaratmış olacaq və Azərbaycanın artan nüfuzunu dayanıqlı edəcək”.
Избранный
18
sherg.az

1Источники