RU

Yeni sivilizasiyaya açılan “yaşıl” qapı

Azərbaycanın evsahibliyi etdiyi COP29 “yaşıl” ixtisasların və “yaşıl” bacarıqların inkişafına töhfədir. Bu tədbirdən sonra “yaşıl” təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı təhsil müəssisələrinin layihələri daha da sürətlənəcək, dayanıqlı inkişafın təmin edilməsi üçün bir çox layihələr icra ediləcək.

COP29 gündəliyində təhsilə xüsusi yer ayrılıb. Müzakirə mövzularından biri olan “PISA” qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək. Bununla bağlı jurnalistlərə müsahibəsində Elm və təhsil naziri Emin Əmrullayev dedi ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə ediləcək.

Nazirin sözlərinə görə, universitetlərin dayanıqlı inkişafı ilə bağlı bizi böyük bir tədbir gözləyir: “COP29-dan sonra yəqin ki, “yaşıl” təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək. Çünki “PISA 2029”da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki, ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm respublikamızda, həm də digər ölkələrdə “yaşıl” təhsillə bağlı daha çox iş görüləcək. “Yaşıl” ixtisasların və “yaşıl” bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. “Yaşıl” bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin fikrincə, istər COP29, istərsə də “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrini, məsələn, iqtisadiyyatı dəyişdiyi kimi, elmi təfəkkürdə də yeniliklər yaradıb. Akademik jurnalistlərə müsahibəsində bildirdi ki, bizim iqtisadi sahədə “yaşıl” enerji haqqında olan biliklərimiz iki il əvvəl utopiya kimi səslənə bilərdi. Amma bu gün Azərbaycanda bərpaolunan enerji olduğunu hər kəs bilir və dövlət səviyyəsində həmin mənbələrdən istifadə olunması istiqamətində layihələr həyata keçirilir. Elmə gəldikdə isə, AMEA prezidenti qeyd etdi ki, “yaşıl” enerjini şərtləndirən, yeni sahə – “yaşıl” energetika yaranıb, məsələn, “yaşıl” artım, “yaşıl” kimya, “yaşıl” bacarıqlar haqqında danışırlar. Dünya elə bil ki, yeni sivilizasiyaya yaşıl işıq yandırıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Избранный
34
xalqqazeti.az

1Источники