RU

KOB-lar “yaşıl” keçidə qoşulur

Bakıda keçirilən COP29 çərçivəsində kiçik və orta biznes strukturlarının (KOB) “yaşıl” keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb. Mavi Zonada təşkil olunmuş imzalanma mərasimi beynəlxalq qurum və təşkilatlar üçün açıq elan edilib.

Bəyannaməni Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin prezidenti Desio Lima, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai imzalayıblar.

Xatırladaq ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə kiçik və orta biznes strukturlarının “yaşıl” iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədi daşıyır. Kiçik bizneslərin davamlı biznes modellərinə keçidini dəstəkləmək üçün qlobal əməkdaşlığa səsləyən bu sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək məqsədilə məlumatlılığın və potensialın artırılması, “yaşıl” maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamədə KOB-ların “yaşıl” təchizat zəncirinə inteqrasiya etməsi və onların xalis sıfır emissiyaya keçidini asanlaşdırmaq üçün əməkdaşlıq və həll yolları vurğulanır.

Beynəlxalq Ticarət Mərkəzinin, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin və KOBİA-nın imzaladığı digər sənəd isə üçtərəfli əməkdaşlıq bəyannaməsi adlanır. Bu sənəd BMT-nin 2030 inkişaf gündəliyində qeyd edilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur.

Tədbir çərçivəsində KOBİA və Beynəlxalq Ticarət Mərkəzinin arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, o cümlədən KOB-ların yaşıl keçidinə dəstək, eləcə də KOB-ların inkişafına dair birgə tədbirlərin icrasını nəzərdə tutan Niyyət Protokolu imzalanıb.

İmzalanma mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanını artırmaqla, dayanıqlı inkişafı təşviq edir. O, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal müstəvidə kiçik və orta biznesin yaşıl keçidinin asanlaşdırılmasına, nəticədə daha yaşıl bir gələcəyin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. KOBİA sədrinin sözlərinə görə, sözügedən bəyannamənin reallaşdırılması ilə bağlı əsası qoyulan üçtərəfli əməkdaşlıq Azərbaycan KOB-larının müvafiq təşkilatların təcrübəsindən yararlanmasına da imkan verəcək. O deyib ki, KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq hər üç sənədin COP29 çərçivəsində imzalanması xüsusilə əhəmiyyətlidir və bu, Azərbaycanın ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin prezidenti Desio Lima isə çıxışlarında kiçik bizneslərin əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil etdiyini, iqlim dəyişikliyi ilə mübarizə məsələlərində onların fəaliyyətinin xüsusi önəm daşıdığını diqqətə çatdırıblar. Bu sahədə innovasiya, dayanıqlılıq və inklüzivliyin daim aktual olması, yaşıl keçidin yalnız kiçik bizneslərin dəyər zəncirində iştirakı ilə baş verə biləcəyi vurğulanıb.

 

Избранный
16
10
xalqqazeti.az

10Источники