RU

Deputat seçiləndən sonra dəyişən bir şey olmayıb


Elşad Musayev: "Yalnız iş saatı artıb"

Newscenter.az saytı olaraq ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, cəmiyyətdə tanınan müxtəlif peşə sahibləri ilə "İşdən sonra" görüşlərimizi davam etdiririk. Bu dəfə "İşdən sonra" Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayevlə söhbətləşdik.

-Elşad bəy, işdən sonra adətən nəylə məşğul olursunuz?


-İşdən nə vaxt çıxmağımızdan asılıdır. Əgər işdən gec çıxırıqsa, evə gedirik. Bir az tez çıxanda, gec olmadığı təqdirdə yaxın dostlarla görüşürük. Hər hansı bir tədbirə dəvət alırıqsa, həmin tədbirə qatılırıq. Deputat seçiləndən sonra tədbirlər həddən artıq çoxalıb. Ona görə də işdən sonra adətən tədbirlərə getməli oluruq. Yay fəslində adətən futbol qarşılaşmaları olanda gedib onları izləyirəm.

-Gün ərzində işiniz çox olur?

-Onu deyim ki, əvvəl işim daha rahat idi. Partiya ilə bağlı, eləcə də şəxsi işlərim olurdu. İndi isə parlamentin plenar iclasları, komitə iclasları, seçicilərlə iş də bura əlavə olunub. Bildiyiniz kimi mənim deputat seçildiyim ərazi 10 saylı Binəqədi-Biləcəri 3-cü seçki dairəsidir. Etiraf edim ki, çox ağır yerdir və çoxlu sayda da problemlər var. Şikayətçilər də həddən artıq çoxdur. Bundan başqa partiyanın müəyyən işləri var və onları həll etmək lazım olur. Ümumiyyətlə, vaxt məsələsindən çətinlik çəkirik. Tıxacları da nəzərə alaraq səhər tezdən durub ofisə gəlirik ki, gün ərzində işlərimizi tamamlaya bilək.

-Bildiyim qədər deputat seçildiyiniz ərazi üzrə Sizə hələ deputat ofisi ayrılmayıb. Bu seçicilərlə iş prosesinə mane olurmu?

-Düz deyirsiniz, hələlik ofis ayrılmayıb. Məsələ ilə əlaqədar rayonun müvafiq qurumlarına, eləcə də Milli Məclisə məlumat vermişik. Eyni zamanda məsələdən Prezident Administrasiyasının da xəbəri var. Hesab edirəm ki, yaxın vaxtlarda müvafiq yer ayrılacaq. Təbii ki, deputat ofisinin olması daha asandır və seçicilər ora müraciət edə, görüşləri orda keçirə bilərik. Bir məsələni xüsusi qeyd etmək istərdim. Seçicilərə yazılı müraciət etməyi də öyrətmək lazımdır. Çünki seçicilər bir qayda olaraq şifahi şəkildə şikayət edirlər. Ancaq elə məsələlər var ki, onları müvafiq qurumlara çatdırmaq, sorğu göndərmək üçün yazılı şəkildə müraciət etmək lazımdır.

-Seçiciləriniz birbaşa sizinlə əlaqəyə çıxa bilirmi?

-Heç bir problem yoxdur. İstənilən seçici istənilən vaxt mənimlə əlaqəyə çıxa bilir. Mən həm seçki ərəfəsində, həm də millət vəkili seçiləndən sonra dedim ki, deputatın necə olduğunu göstərəcəm. Hazırda da belədir və seçicilərlə mənim aramda heç bir baryer yoxdur. Kimin sözü varsa, zəng edib birbaşa mənimlə danışa bilir. Siz burda olduğunuz müddətdə iki seçicinin zəng etdiyinin şahidi oldunuz və bu da onu sübut edir ki, seçicilərlə mənim aramda heç bir sədd yoxdur.

-Ötən müddət ərzində seçicilərlə bir neçə görüşünüz olub. Onları əsas narahat edən məsələlər nələrdir?

-Seçiciləri narahat edən məsələlər müxtəlifdir. Bəzi məsələlər ümumi rayonun problemi ilə bağlı olsa da, bəzi məsələlər isə fərdi xarakter daşıyır. Rayonun problemləri sırasında yolların asfaltlanmaması, istilik sistemlərinin işləməməsi və digər kommunal məsələlər yer alır. İşsizlik, müavinət məsələləri də çoxluq təşkil edir. Məsələn, indiyə qədər 8 nəfərin işlə təmin olunmasına köməklik etmişik. Eyni zamanda partiyamız artıq dövlət tərəfindən maliyyələşdiyi üçün Binəqədi rayonundan olan bir neçə nəfəri partiyada müəyyən işlərə götürmüşük.

-Adətən hansısa bir vəzifəyə təyin olunanda, yaxud deputat seçiləndə istər-istəməz ətrafına cəm olan insanların sayı artır. İllərlə salam verməyən şəxslər belə yaxın olmağa çalışır. Sizdə bu tendensiyanı hiss edirsinizmi?

-Bunlar təbii olan şeylərdir. Xarakter etibarilə mən elə bir adamam ki, həm general, həm də fəhlə dostlarım var. Heç biri ilə kommunikasiya qurmaqda çətinlik çəkmirəm. Eyni zamanda sıravi partiya üzvləri ilə də normal münasibətimiz var. Ümumən, partiya üzvlərinin hamısının mənə olan münasibəti yaxşıdır. Eləcə də mənim onlara olan münasibətim yüksək səviyyədədir. Uzun müddət bir yerdə olduğumuz insanlar var. Ona görə mən vəfa borcu deyilən məsələyə çox diqqətlə yanaşıram. Təbii ki, müəyyən bir səlahiyyət sahibi olandan sonra insana yaxınlaşmaq istəyən adamların da sayı çoxalır. Bizim kifayət qədər yaşımız, təcrübəmiz olduğu üçün onları təbii qarşılayırıq. Vaxtı ilə mənim evimi sökürdülər və o zaman ətrafımda adam tapmaq çətin idi. Ancaq müəyyən səlahiyyət sahibi olanda sənə yaxınlaşanların sayı artır. Bəziləri səmimi sevgi ilə yaxınlaşır, bəziləri isə fürsətcillik edirlər. Mənim üçün əsas olan ideya, kriteriya odur ki, özün dəyişməyəsən. Vicdanı itirmək olmaz. Eyni zamanda simanı qorumaq mənim üçün əna vacib şərtdir. Həmçinin insaflı olmağa üstünlük verirəm. Yalançılığı, yekəxanalığı sevmirəm. Sadəlik daha gözəldir.

-Gün ərzində işdən daha çox yorulduğunuz halda istirahət, günün yorğunluğunu çıxmaq üçün hara üz tutursunuz? Belə hallarda daimi getdiyiniz məkan varmı?

-Belə hallarda ya ailəmlə harasa gedirəm. Ya da çox yaxın olan dostlarımla bir yerdə oluram. Onu da deyim ki, mənim çox yaxın dostlarım var ki, istənilən məsələni onlarla müzakirə edə bilirəm.

-Mütaliəni sevirsinizmi?

-İnformasiya kommunikasiya texnologiyaları dövrü olduğu üçün əksər məlumatları intermet üzərindən əldə edirik. Digər tərəfdən daha çox siyasi məsələlərlə məşğul oluruq. Mənim daha çox şerdən xoşum gəlir. Eyni zamanda mənim özümüm də yaxşı şer deməyim var. Təəssüflər olsun ki. siyasi məsələlər bu kimi məqamları arxa plana atıb.

-Ən çox kimin şerlərini oxuyursunuz?

-Müxtəlif şairlərin şerlərinə marağım var. Onların içərisində klassik və müasirlər şairlər var.

-Bəs özünüz də şer yazırsınız?

-Xeyr. Mən şer deməyi xoşlayıram. Ancaq yazmamışam. Çünki bunun üçün xüsusi istedad olmalıdır. Dostlarımdan yaxşı şer deyən var. Məsələn, Əli Hacının çox yaxşı şerləri var. Yaxud, partiyanın mətbuat xidmətinin rəhbəri Elşad Barat da yaxşı şerlər yazır. Mən meyxananı xoşlayan adam deyiləm. Ancaq meyxanaçıların da yaxşı şerləri var. Təəsüflər olsun ki, bizim efirlərdə həmin yaxşı şerləri olanları deyil, bayağı gəncləri pis vərdişlərə təhrik edə biləcək meyxanaları yayımlayırlar. Ona görə də hər şeyin içərisindən yaxşısını seçmək lazımdır. Bəzən elə gözəl şerlər dinləyirsən ki, heç müəllifi kimdir bilinmir. Necə ki, el şənliklərində gözəl musiqi ifaçıları olduğu kimi. Deməyim odur ki, onları heç kim tanımır və başlarını salıb öz sənətləri ilə məşğul olurlar. Ancaq eləsi də var ki, səsi yoxdur, ancaq soyunmaqla irəli gedib. Yaxud kimsə onu irəli çəkib.

-Elşad bəy, deyəsən avtomobili özünüz idarə etməyi sevirsiniz. Çünki bir neçə dəfə sükanın arxasında sizi görmüşəm.

-Avtomobili bəzən özüm, bəzən isə sürücü idarə edir. Özüm çox yaxşı avtomobil idarə edirəm. İstefada olan polkovnik dostum var və o deyir ki, ancaq səninlə bir yerə gedəndə avtomobildə özümü rahat hiss edirəm.

-Əgər avtomobili rahat idarə edirsinizsə, deməli qayda da pozmursunuz

-Qayda pozmağı, hərəkətdə olarkən avtomobilin şüşəsindən kənara nəsə atmağı qəbul etmirəm. Cərimə ancaq avtomobilin saxlanmasına görə ola bilər. Yəni, avtomobili saxlayarkən fikir verməmişəm və o səbəbdən cərimə yazıla bilər.

-Çox vaxt Sizə idman geyimində rast gəlmək mümkün olur. Parlament iclaslarına isə gərəkdir ki, klassik geyimdə, kostyumda gedəsiniz. Uyğunlaşmaq çətin olmur?

-Düzdür, idman geyimi daha rahat olur. Ancaq məcburuq ki, maşında, ofisdə rəsmi geyimlərimiz də olsun. Bəzən hansısa tədbirə dəvət alanda məcburuq ki, geyimimizi dəyişək. Hesab edirəm ki, rəsmi yerin rəsmi qaydası var və rəsmi geyimdə olmalısan.

-Deputat seçilməyiniz şəxsi həyatınızda nəyisə dəyişdimi? Deyək ki, kimsə əvvəl evinin bazarlığını özü edirdisə, müəyyən posta sahib olandan sonra bazarlığı köməkçisi, yaxud sürücüsünə etdirir. Eləcə də digər işlər. Siz necə?

-Ümumiyyətlə, evin bazarlığını əksər hallarda özüm edirəm. Əgər gün ərzində işim həddən artıq çox olarsa və evə gec getmək məcburiyyətində qalaramsa, o zaman müəyyən şeyləri evdən özləri alırlar. Səhər adətən Atilla bəyi məktəbə mən aparırdım. Bəzən evdən daha tez çıxmalı olduğum halda, o özü məktəbə gedir. Bir sözlə elə bir dəyişiklik olmayıb. Mən bir adamla hansısa işi görəndə uzun illər bu davam edir, tez-tez nəyisə dəyişməyi sevmirəm. Məsələn, təqribən 30 ildir ki, saçımı eyni adama düzəldirirəm. Bazardan əti uzun müddətdir ki, eyni adamdan alıram. Bir sözlə deputat seçiləndən sonra dəyişən bir şey olmayıb. Yalnız və yalnız iş saatı artıb. Ümumən götürəndə biz ilk növbədə insan olaraq qalmalıyıq. Vəzifə bu gün var, sabah yoxdur.

-Bayaq qeyd etdiniz ki, imkan olanda dostlarla futbola baxmağa gedirsiniz. Bəs futbol oynamağı necə?

-Mən çox yaxşı futbol oynamışam. Qərbi Azərbaycanda, Allahverdili rayonunun məktəbində bizim komanda rayon çempionu oldu. Sonra rayon yığma komandası formalaşdırıldı. Tələbə vaxtı da həvəskar səviyyədə futbol oynayırdıq. Hazırda futbol üzrə bütün çempionatları izləyirəm. Axşam siyasi xəbərlərdən sonra mütləq idman xəbərlərini izləməliyəm.

Süleyman İsmayılbəyli
Избранный
15
newscenter.az

1Источники