RU

COP29-da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forumun açılışı oldu

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun açılış mərasimi keçirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı deyib ki, karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir.

O bildirib ki, ICESCO üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi üçün proqramlar hazırlayır:

"Yaşıl şəhərlər" proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir".

BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana qeyd edib ki, bugünkü forum tərəfdaşlıq şəraitində yaşıl və rəqəmsal transformasiyanın ikili yollarını necə daha məhsuldar şəkildə həyata keçiriləcəyini müzakirə etmək və razılaşmaq üçün vacib platforma təklif edir.

O bildirib ki, iqlim fəaliyyətində səmərəliliyi artıran və emissiyaları azaldan rəqəmsal həllər vasitəsilə rəqəmsal texnologiyalar iqlim adaptasiyası və fəlakətlərə davamlılıq üçün praktiki vasitələr təmin edir.

BMT rəsmisinin sözlərinə görə, iqlim çağırışlarının əsas səbəblərini daha dərindən və hərtərəfli başa düşmək üçün yeni texnologiyaların verə biləcəyi töhfədən yararlanmaq lazımdır. Bunun üçün dövlət sektorunu effektiv siyasət və platformalarla dəstəkləmək vacibdir.

Qonaq çıxışının sonunda COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

Избранный
3
9
publika.az

10Источники