RU

Qərb Azərbaycanın enerji resurslarına möhtacdır – Elçin Xalidbəyli – ÖZƏL

"Qərb siyasi dairələrində Azərbaycana qarşı ikili standartlardan yanaşmalar həmişə olub. Bu gün də var, gələcəkdə də yəqin ki, olacaq. Amma hazırda Qərbin Azərbaycana ikili standartlardan yanaşması maksimum səviyyəyə çatıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Azərbaycana qarşı ədalətsizlik və böhtan xarakterli kampaniyaların aparılması müşahidə olunur. Bütün bunlar Qərb siyasi dairələrində rüşvət və korrupsiyanın maksimum həddə çatdığını göstərir. Çünki erməni diasporunun ödədiyi pullar hesabına Azərbaycana qarşı ədalətsiz mövqe tutulur, Azərbaycana təzyiq göstərmək cəhdləri göstərilir. Eyni zamanda burada Azərbaycanı cəzalandırmaq kimi bir niyyət də müşahidə olunur. Bu da ondan ibarətdir ki, Azərbaycan İkinci Qarabağ savaşında qalib gəlib və öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Bununla da Qərbin Cənubi Qafqaza təsir mexanizmlərindən birini sıradan çıxarıb,  ABŞ və Qərbin erməni layihəsini birdəfəlik ləğv edib, erməni faktorunun Cənubi Qafqazdakı təsirini sıfırlayıb, heçə endirib. Ona görə də ABŞ və Qərb hazırda Azərbaycana qarşı təzyiq göstərmək üçün yeni mexanizmlər yaratmağa cəhd göstərir və son vaxtlar Azərbaycana münasibətdə təzyiq kampaniyası və ikili standartlardan yanaşmalar, ittihamlar bununla bağlıdır. Ancaq rəsmi Bakı bütün bunların qarşısında geri çəkilmir".

Siyasi şərhçi Qərbin Azərbaycanın enerji resurslarına möhtac olduğunu qeyd edib:

"Onu da nəzərə almaq lazımdır ki, Qərb Azərbaycana nə qədər təzyiq göstərsə də, Azərbaycanın enerji resurslarına da möhtacdır. Yəqin ki, yaxın gələcəkdə Azərbaycanın enerji resurslarının təsiri Qərbdə müəyyən situasiya dəyişikliklərinə yol aça bilər. Çünki Qərb ölkələri, xüsusilə də Avropa ölkələrində siyasi, iqtisadi, sosial böhranların ilkin əlamətləri müşahidə olunur. Zaman keçdikcə bu böhranlar daha da dərinləşə və Qərb ölkələrinin Cənubi Qafqaza təsir imkanlarını daha da azalda bilər. Bu baxımdan Azərbaycanın hazırda manevr imkanları genişdir və Azərbaycan bu imkanlardan maksimum səviyyədə istifadə etməyə cəhd göstərir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
40
olaylar.az

1Источники