"Dünya liderlərinin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan sammiti növbəti həftələrdə bu problemin həllinə istiqamətlənən üsulların müəyyənləşdirilməsinə doğru atılan önəmli addımdır".
APA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin bugünkü mətbuat konfransında söyləyib.
O vurğulayıb ki, Liderlər Sammiti kimi mötəbər tədbirin keçirilməsində məqsəd bu sahədə görülən işlərə impuls vermək, eləcə də ümumi səylərin artırılması məqsədi daşıyır.
Baş danışıqçı kiçik ada dövlətlərinin iqlim fəlakətindən xilasının da sammitin gündəmini təşkil etdiyini söyləyib: "Həmin ölkələrin mövqeyi bizə onu deməyə əsas verir ki, onlar iqlim dəyişikliyinin yaratdığı problemin ən çox zərər çəkən ölkələrdir. İqlim dəyişikliyi bu ölkələrə külli miqdarda ziyan vurub. Bu istiqamətdə əldə olunan məlumatlar bizə təcili tədbirlərin görülməli olduğu mesajını verir. Kiçik ada dövlətlərinin səsi eşidilməlidir. Bizim iqlim dəyişikliyi probleminin daha çox təsir etdiyi müxtəlif icmaların nümayəndələrinin çıxışlarını dinləmək imkanımız oldu. Onlar çox iqlim probleminin çox ciddi fəsadları barədə danışdılar. Biz bundan sonra da fərqli fikirləri dinləməyə hazırıq. Biz daha əvvəl irəliləyişə nail olduğumuz 6.4 bəndinin gündəliyini irəlilətməyə davam edəcəyik. əsas məqsədimiz ədalətli və nəticəyönümlü yeni kollektiv kəmiyyət hədəflərinə nail olmaqdan ibarətdir. Bu məsələnin həlli danışıqlardakı mövqeyimizi əks etdirir. Hesab edirik ki, yekun razılaşmanın mətni üzərinə iş davam etdirilməlidir".