RU

"COP29 anti Azərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu"

Tərəflər Konfransı kimi tanınan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində ölkəmizin paytaxtı Bakıda keçirilməsi dünya birliyinin Azərbaycana siyasi töhfələrindən biridir.

Bu il keçiriləcək konfrans 29-cu konfrans olduğu üçün COP29 adlanır. Hər il xüsusi təqvimlər üzrə keçirilən COP-un hədəfi qlobal karbon qazının (CO2) səviyyələrinin 1,5 dərəcədən yuxarı məhdudlaşdırılması istiqamətində irəliləyiş əldə etməkdir və onun missiyası, müddəaların müzakirəsi və həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar aparmaqdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Kioto Protokolu və Paris Razılaşması əsasında formalaşıb.

COP29-un ölkəmiz üçün əhəmiyyəti və gələcək perspektivləri olduqca əhəmiyyətlidir. Konfransın Azərbaycanda keçirilməsi ölkəmizə bir çox aspektlərdə: siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir.

Ölkəmizin BMT-yə təqdim etdiyi son \"İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun emissiyalar və bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğuna işarədir. Dünya birliyinin ölkəmizə olan etimadının göstəricisi olmaqla yanaşı, bundan sonrakı fəaliyyət planını da uğurla icra edəcəyinə ümidin təzahürüdür. Belə bir mötəbər tədbiri ölkəmizin yüksək səviyyədə təşkil etməsi Bakının dünyada günü-gündən güclənən nüfuzuna daha böyük uğur qatacaq.
 COP29 kimi qlobal konfransın Azərbaycanda keçirilməsi, konfransın təşkilatçılığının ölkəmiz tərəfindən daha yüksək səviyyədə həyata keçirilməsi inkişaf etməkdə olan ölkələrə nümunə olacağına əminik.

Eyni zamanda tədbirin turizm baxımından, verdiyi töhfələrə nəzər saldıqda, Azərbaycan tarixində ilk dəfə olacaq ki, belə yüksək iştiraklı və geniş miqyaslı, geniş kütlələrin marağına səbəb olacaq bir tədbirə ev sahibliyi edir. Bu mötəbər tədbir çərçivəsində ölkəmizə 70 mindən çox insanın gəlməsi ölkəmizin dünya dövlətləri arasında nüfuzunun əyani təzahürüdür. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd edib ki, \"Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır.” Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.

Sammitin açılış mərasimindəki çıxışı zamanı Möhtərəm Prezident cənab İlham Əliyev bildirib ki, \"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik” \"Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.

Belə nüfuzlu tədbirin ölkəmizdə keçirilməsini istəməyən bəzi qüvvələrin cəhdinə baxmayaraq bu dünya səviyyəli tədbirə layiqincə ev sahibliyi etməsi ilə ölkəmiz onun rəhbərinin liderlik bacarığını bütün dünyaya nümayiş etdirməyi bacardı. 

Qürurverici haldır ki, COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəliblər. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antitəbliğat və qarayaxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügötürməzlikdən qidalanan qarayaxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycana qarşı yürüdülən qərəzin səmərə vermədiyinin göstəricisidir. Aİ üzvləri olan İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Çexiya, Macarıstan kimi ölkələrin Bakıda dövlət və ya hökumət rəhbərləri qismində iştirakı əsas etibarilə Fransa tərəfindən gerçəkləşdirilən anti-Azərbaycan əməllərinə qitə təmsilçilərinin sözün əsl mənasında məhəl verməmələri deməkdir.

Dövlət başçımız qeyd etdi ki \" Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, \"Azərbaycana xoş gəlmisiniz!” deyə dövlət başçısı bildirib.

Azərbaycan dövlət gəlirlərinin böyük hissəsini neft və təbii qaz ixracından əldə etdiyinə görə, iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerji sahəsində mərkəz kimi fəaliyyət göstərmək baxımından tədbirin əhəmiyyəti çox böyükdür. 

İnvestisiya baxımından, verdiyi töhfələrə nəzər saldıqda, beynəlxalq investorların yaşıl iqtisadiyyat kontekstində Qafqaz regionuna sərmayə yatıracağı ölkə kimi qəbul etmək olar. Yeni yaranan bərpa olunan enerji sənayesinə birbaşa xarici investorları cəlb etmək fürsətindən istifadə olunacaq.
Azərbaycanda bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürüdülməsi, tədbirin Azərbaycanda təşkili Azərbaycanın yaşıl transformasiya ilə bağlı hədəfləri və bu istiqamətdə əldə etdiyi hədəflər liderliyə gedən yolda əsl məhək daşı olacaq.

Həmçinin COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək. İqtisadiyyatını daha da gücləndirəcək, investisiya imkanlarının arealını genişləndirəcək, turizm potensialını dərinləşdirəcəkdir.
 COP29-un ən yüksək səviyyədə təşkili ilə Azərbaycan bir daha sübut etdi ki, dünya ölkələri qlobal tədbirə ev sahibliyi seçimində səhvə yol verməyiblər. Bir sözlə, Azərbaycan növbəti dəfə ona göstərilən qlobal etimadı və etibarı doğrultmuş oldu.

Ölkə Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti, yüksək diqqəti, liderlik məharəti ölkəmizin nüfuzlu dövlətlər sırasında mövqeyini daha da möhkəmləndirərək nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
  
Naftalan şəhər sakini Afət Mustafayeva

Избранный
6
azxeber.com

1Источники