RU

"Yaşıl təhsil” dünyada aktuallaşır — Yeni ixtisaslar açılacaq

Elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsünün müzakirə olunacağını deyib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. E.Əmrullayev COP29 tədbirlərdən sonra “yaşıl təhsil” və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işlərin daha da sürətlənəcəyini vurğulayıb: “Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, “yaşıl təhsil” mövzusu hər keçən  gün dünyada daha da aktuallaşır:

“Dünyanın ən mötəbər tədbirinin Azərbaycanda keçirilməsi və Azərbaycanın bu prosesə həm resurs olaraq, həm də kadr olaraq dəstək verməsi təqdirəlayiq addımdır. Son illərdə alternativ və “yaşıl enerji” mühəndisliyi ilə bağlı universitetlərdə ixtisaslar açılıb. Uzun illər bu sahədə Azərbaycanda mütəxəssislər yetişməyib. Söhbət təkcə ali təhsildən getmir, eyni zamanda, orta ixtisas təhsili və bu sahədə texniki kadrların yetişməsi də vacibdir. Günəş və külək enerjisi, təmir və mühəndis işi, bərpaolunan enerjinin nəqli, yaşıl texnologiyaların tətbiqi sahəsində mütəxəssislər yetişməlidir. Həmçinin energetika, kənd təsərrüfatı, istehsalat sahələrində də kadrlara ehtiyac var.  Təhsil bu prosesi dəstəkləməlidir. Düşünürəm ki, bu istiqamətdə hər il Azərbaycanda addımlar atılacaq. Universitetlərdə, kolleclərdə bu sahələrdə mütəxəssislər yetişdiriləcək. İstehsalda yaşıl keçidin dəstəklənməsini, enerji resurslarının formalaşmasını təmin edən proqramlar olmalıdır. Gömrük rüsumlarını azaltmaqla ölkəyə hibrid avtomobillərinin idxalının artması ilə yanaşı bu sahədə də mühəndislərə tələbat yaranıb. Peşə təhsili bu tələbatın ödənməsi üçün töhfə verə bilər”.

Törə Zeynallı
Demokrat.az
Избранный
23
demokrat.az

1Источники