Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, “yaşıl təhsil” mövzusu hər keçən gün dünyada daha da aktuallaşır:
“Dünyanın ən mötəbər tədbirinin Azərbaycanda keçirilməsi və Azərbaycanın bu prosesə həm resurs olaraq, həm də kadr olaraq dəstək verməsi təqdirəlayiq addımdır. Son illərdə alternativ və “yaşıl enerji” mühəndisliyi ilə bağlı universitetlərdə ixtisaslar açılıb. Uzun illər bu sahədə Azərbaycanda mütəxəssislər yetişməyib. Söhbət təkcə ali təhsildən getmir, eyni zamanda, orta ixtisas təhsili və bu sahədə texniki kadrların yetişməsi də vacibdir. Günəş və külək enerjisi, təmir və mühəndis işi, bərpaolunan enerjinin nəqli, yaşıl texnologiyaların tətbiqi sahəsində mütəxəssislər yetişməlidir. Həmçinin energetika, kənd təsərrüfatı, istehsalat sahələrində də kadrlara ehtiyac var. Təhsil bu prosesi dəstəkləməlidir. Düşünürəm ki, bu istiqamətdə hər il Azərbaycanda addımlar atılacaq. Universitetlərdə, kolleclərdə bu sahələrdə mütəxəssislər yetişdiriləcək. İstehsalda yaşıl keçidin dəstəklənməsini, enerji resurslarının formalaşmasını təmin edən proqramlar olmalıdır. Gömrük rüsumlarını azaltmaqla ölkəyə hibrid avtomobillərinin idxalının artması ilə yanaşı bu sahədə də mühəndislərə tələbat yaranıb. Peşə təhsili bu tələbatın ödənməsi üçün töhfə verə bilər”.
Törə Zeynallı
Demokrat.az