RU

"Ermənistan bununla Fransanın anti-Azərbaycan çağırışlarına qoşuldu" (ŞƏRH)

"Ermənistanın COP29-da iştirak etməməsi siyasi məsələdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat hesab edir ki, Ermənistan bu qərarı ilə yaxın müttəfiqi olan Fransanın anti-Azərbaycan çağırışlarına qoşulmuş oldu: 



"Təəssüf edirik ki, Azərbaycanla normal münasibətlər qurmaq istəyən ölkə bu məsələdə siyasi təxribatlara uydu. Ancaq bununla belə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gedən danışıqlar davam etdiriləcək".

Deputat deyir ki, bu müqavilə Azərbaycandan çox Ermənistana lazımdır: 

"Kommunikasiyaların açılması ilk növbədə Ermənistana lazımdır. Sülh atmosferinin bərqərar olması qonşu ölkəyə daha çox lazımdır. Azərbaycan bu məsələlərdə beynəlxalq hüquq normalarına uyğun olaraq milli maraqlarını qoruyaraq ümumi razılaşmaya gəlməyə hazırdır. Ümid etmək istərdik ki, sülh müqaviləsinin imzalanması elə də uzaq bir dövrə bağlı olmayacaq".
 
Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, rəsmi İrəvanın COP29 beynəlxalq tədbirində iştirak etməməsi sülh danışıqlarına mənfi təsir göstərməyəcək: 



"COP29-un beynəlxalq bir tədbirdir. Hər tədbirin öz yeri var. Ona görə bunları qarışdırmaq lazım deyil. Əlbəttə ki, Ermənistan bu tədbirdə iştirak etsəydi bunun ona xeyiri olacaqdı. Amma onlar şərt kəsmişdilər. Azərbaycan da onların qanunsuz tələbini yerinə yetirmədi. Onlar da əhali qarşısında pərt olmamaq üçün guya ki, çox kəskin addım atdılar, COP29-a qoşulmadılar. Ermənilərin məntiqini, düşüncə tərzini öyrəndikcə, əmin oluram ki "erməni dahi xalqdır” deyənlər yanılırlar. Bu xalqın arasında ağıllı adamlar var, amma bütövlükdə erməni şüuru çox geridə qalmış səmərəsiz bir şüurdur. Çünki Ermənistan öz xeyrinə qərarların qəbulunu əngəlləyən xeyli mənasız mövqelər nümayiş etdirib”. 

Politoloq hesab edir ki, Ermənistanın COP29-a qoşulmaması bu günə kimi həyata keçirdiyi səhv qərarlarının tərkib hissəsidir: 

"Dağlıq Qarabağın Azərbaycandan qoparılması, Azərbaycanla hərbi münaqişəyə getmək, Rusiyanın yanında olması, Azərbaycanın güzəştli təkliflərini rədd etmək kimi ideyaları səhv qərarlar idi. Hər dəfə Azərbaycan bir barış təklif edəndə erməni tərəfi yox deyirdi. COP-a qoşulmamaq da həmin səhv qərarların tərkib hissəsi idi". 

Bahar Rüstəmli
Избранный
4
qaynarinfo.az

1Источники