RU

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Media üçün davamlılıq dili" təlimi təşkil edib

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində "Media üçün davamlılıq dili" mövzusunda təlim təşkil edib.

hakimiyyet.az xəbər verir ki, təlimin məqsədi "Global Media Group"un dayanıqlılıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etmək olub.

Təlimin spikeri BMT Qlobal Sazişin Kommunikasiya rəhbəri Vinn Boelt "Global Media Group"a daxil olan media qurumlarının əməkdaşlarına özünün beynəlxalq təcrübəsini bölüşərək, iqlim dəyişiklikləri və davamlılıq mövzularında medianın məsuliyyətini vurğulayıb:

"Media ictimaiyyətin məlumatlandırılmasında, xüsusilə, iqlim problemlərinin işıqlandırılmasında mühüm rol oynayır. Media mühüm məsələləri işıqlandırmaqla cəmiyyətin məlumatlılığını artırır və daha geniş auditoriyaya təsir edərək dayanıqlı gələcək üçün kollektiv fəaliyyətə təkan verir. "Global Media Group"un bu istiqamətdə atdığı addımlar və öhdəliklər yalnız Azərbaycan üçün deyil, qlobal davamlılıq hədəflərinə çatmaq baxımından da əhəmiyyətlidir".

"Global Media Group"un İdarə heyətinin sədri Elnur Abdullayev bildirib ki, "Global Media Group"un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı həm şirkətin, həm də onun tərkibindəki qurumların davamlı inkişafı üçün vacib bir addımdır:

"Bu təlim "Global Media Group"un davamlı inkişaf sahəsində öhdəliklərini təsdiqləyir və yaşıl gələcək uğrunda milli və beynəlxalq səviyyədə fəal rol oynamaq əzmində olduğunu göstərir. "Global Media Group" olaraq, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməklə həm şirkət daxilində, həm də cəmiyyətdə dayanıqlı gələcəyə dair məlumatlılığı artırmağı hədəfləyirik".

Xatırladaq ki, bu il 9 oktyabrda "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

Xanım Aydın

Избранный
9
3
hakimiyyet.az

4Источники