Qazaxıstanın Xəzər dənizinin sahilində yerləşən Manqistau vilayətində oktyabrın 24-dən noyabrın 13-dək 1034 ölü suiti aşkar edilib.
Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Suitilərin cəsədləri Jayık-Xəzər Rayonlararası Hövzə Balıqçılıq Müfəttişliyinin mütəxəssisləri aşkar ediblər. Ölmüş heyvanlardan nümunələr götürülərək ekspertizaya göndərilib. Balıqçılıq Komitəsi hesab edir ki, heyvanların ölümünün səbəbi “təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində təbii qazların emissiyası” ola bilər.
“Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra məlum olacaq”, məlumatda deyilir.