RU

COP29 500 milyard dollarla dünyanı xilas edəcək- Böyük gözlənti...

Image

Azərbaycanın ev sahibliyi etdiyi COP29-dan əsas gözləntilər maliyyə resurslarının səfərbər edilməsi üçün tərəflərin səylərinin artırılması və Yeni Kollektiv Kəmiyyət Hədəfinin müəyyən edilməsi ilə bağlıdır. Bu məqsəd 2050-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir.

Hesab edilir ki, yalnız kifayət qədər maliyyə vəsaiti olduğu halda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və yeni reallıqlara uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək mümkün olacaq.

Ümumiyyətlə, COP29 iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq və bu təsirləri yüngülləşdirmək məqsədilə yeni kollektiv hədəflər müəyyən edəcək. Həmçinin bu tədbir inkişaf etməkdə olan ölkələrə kifayət qədər iqlim maliyyəsinin çatdırılmasını təmin etməyə yönələcək. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Onu da xatırladaq ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin təmin edilməsi vacibdir və problemin həm aktuallığı, həm də miqyası nəzərə alınmalıdır. Azərbaycan belə hesab edir ki, iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması qarşında duran ümdə vəzifə, ortaq gələcəyə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görür.

Burada bir məqamı da xüsusi qeyd edək ki, hələ 2009-cu ildə ABŞ və Avropa İttifaqı daxil olmaqla ölkələr 2020-ci ilə qədər hər il birlikdə 100 milyard dollar töhfə verməyə razılaşıblar, lakin sonrakı vəziyyət göstərdi ki, buna əməl olunmayıb. Daha da pisi odur ki, iqlimin maliyyələşdirilməsinin çox hissəsi kreditlər şəklində gəlirdi və tənqidçilərin fikrincə, bu, artıq borc içində boğulan inkişaf etməkdə olan ölkələrə daha çox təzyiq göstərib. Bu durumda artan böhranla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrin indi ildə 100 milyard dollardan çox vəsaitə ehtiyacı olacaq. Təxminlər bu rəqəmin 2030-cu ilə qədər 6 trilyon dollara çatacağını göstərir. Amma BMT hesabatına görə, bu məbləğ belə, artıq labüd olan iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini kifayət qədər əhatə etmir. COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi qlobal istiləşmənin 1,5 dərəcə selsi hədəfinə nail olunması, iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil. Bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir. Bu sahədə ciddi işlər görülməlidir və COP29 buna xidmət edir. Azərbaycanın COP29 Sədrliyi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və konsensus əsasında nəticənin əldə edilməsi istiqamətində mühüm səylər göstərir. Bu xüsusda, COP29 Sədrliyi tərəfindən inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə qurumlarına çağırışlar edilir, davamlı iş aparılır. Eyni zamanda dövlətlər, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə mütəmadi əsasda və konstruktiv şəkildə görüşlər keçirilir. Artıq müəyyən nəticələr də var. Məsələn, beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları göstərir ki, onlar iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Belə ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. COP29 Sədrliyi iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinə də xüsusi diqqət yetirir, onlara göstərilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir. BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, tədbirin nəticəsi yeni iqlim maliyyəsi hədəfi olmalıdır. Bütün bunlar Bakıda keçiriləcək COP29-un tarixi bir tədbir kimi vacibliyini və hazırda dünyanı narahat edən ən böyük problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması məsələsində Azərbaycanın liderliyini nümayiş etdirir.

Ramil QULİYEV





Избранный
25
21
baki-xeber.com

10Источники