RU

Fransanın müstəmləkə xalqlarına yedirdiyi zəhərli "pestisid" budur...

Image

Azər Həsrət: “Fransa sözdə ayrı, əməldə tam fərqli iş görür, bu səbəbdən də Azərbaycan məlum məsələyə dünyanın diqqətini çəkir”

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfrans təşkil olunub. 

Konfransda  müstəmləkə idarəçiliyi nəticəsində ətraf mühitə dəyən zərərlərin aradan qaldırılması müzakirə olunub. Bildirilib ki, Fransanın müstəmləkəsi altında olduğu üçün müstəqil qərar qəbul edə bilməyən Qvadelupada kənd təsərrüfatı sahələrinin əksəriyyəti çox təhlükəli olan xlordekon pestisidi ilə zəhərlənib və bu, biomüxtəlifliyi məhv edib. Vurğulanıb ki, dünyada xlordekon pestisidinin ləğv edilməsinə baxmayaraq, Fransa hökuməti Qvadelupada və Martinikada bu pestisiddən istifadəyə yol verərək, müstəmləkə altında saxladığı xalqa müstəqil qərar qəbul etmək imkanı vermir. Nəticədə həmin ərazilərdə kənd təsərrüfatının inkişafı mümkün deyil. 

Qeyd edək ki, xlordekon insanlar üçün son dərəcə zəhərli bir maddədir. Heyvanlar üzərində aparılan toksikoloji tədqiqatlar nəticəsində həmin maddənin sinir sisteminə, hormonal sistemə və bəzi orqanların (qaraciyər, böyrək, ürək və s.) fəaliyyətinə zərərli təsir göstərdiyi təsdiqlənib.

“Fransa və digər ölkələrin müstəmləkəsi olmuş və olmaqda davam edən ərazilərdə tək kənd təsərrüfatı deyil, bütövlükdə insan həyatı iflic olub”

Mövzu ilə bağlı fikir bildirən siyası şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa və digər ölkələrin müstəmləkəsi olmuş və olmaqda davam edən ərazilərdə tək kənd təsərrüfatı deyil, bütövlükdə insan həyatı iflic olub. Faktiki olaraq həmin ərazilərə elə zərbələr endirilir ki, oraların insanları dikələ, qalxa bilmir: “Fransa müstəmləkə altında saxladığı ölkələri məhv edir,  təbii sərvətlərini talayır, maddi-mədəni miraslarını yox edir. Bu səbəbdən də Qvadelupa və Fransanın müstəmləkəsi altında olan digər ölkələrin sakinləri hələ də zülm çəkir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, müstəmləkə altında olan ərazilər bir tərəfdən dünyaya demokratiya, dünyaya azadlıq dərsi keçən Fransanın ərazisi kimi görünür, iddia olunur ki, Fransada azadlıq yüksək səviyyədə təmin olunur, digər tərəfdən də Fransanın olduğu deyilən həmin yerlərdə insan haqlarından əsər-əlamət yoxdur: “Yəni Fransa sözdə ayrı, əməldə tam fərqli iş görür. Bu səbəbdən də Azərbaycan məlum məsələyə dünyanın diqqətini çəkir. Ölkəmiz səsini eşitdirmək istəyənlərin ümid yerinə çevrilib. Bu isə Fransa və bənzər dövlətlərin xoşuna gəlmir”.

Günel CƏLİLOVA





Избранный
19
baki-xeber.com

1Источники