“Siemens” rəhbərliyi, yaxşı fəaliyyət nəticələrinə baxmayaraq, dünya üzrə beş minə qədər iş yerinin ixtisarını elan edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, konsernin baş direktoru Roland Buşun bəyanatından irəli gəlir.
Onun sözlərinə görə, bu əsasən istehsalın avtomatlaşdırılması seqmentinə aid olacaq.
“Bəzən hadisələr gözlədiyimiz qədər müsbət olmadığı üçün bəzi dəyişikliklər etməli oluruq”, – Buş bildirib.
Şirkətin saytında dərc edilmiş dördüncü rüb və bütün 2024-cü maliyyə ili (30 sentyabrda başa çatıb) üzrə fəaliyyət nəticələrinə görə, alman konserninin gəliri 20,62 milyard avrodan 20,81 milyard avroya qədər artıb ki, bu da gözlənilən proqnozlardan yüksəkdir. Bütün maliyyə ili üzrə xalis mənfəət 9 milyard avroya çatıb – bu, alman istehsalçısı üçün rekord göstəricidir.
Lakin dördüncü rübdə “Siemens”in əsas biznes seqmenti olan istehsalın avtomatlaşdırılması bölməsinin sifariş həcmi birdən 19 % azalıb, bölmənin mənfəəti isə ötən illə müqayisədə 46 % düşüb. Şirkətdə hələ nə qədər insanın ixtisara düşəcəyinə qərar verilməyib.