RU

Azərbaycanın mövqeyi güclənir

Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bir araya gəldiyi, yeni strategiya və qərarların qəbul edildiyi mühüm bir platformadır. 

Hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin bir araya gələrək iqlim böhranının həlli yollarını müzakirə etməsi həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr vəd edir.  

Bakıda keçirilən COP29-un Azərbaycan və vətəndaşlarımız üçün əhəmiyyəti nədən ibarət olacaq? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirəcək və ölkəmizə etimadın daha da formalaşmasına gətirib çıxaracaq:

“COP29-un ölkəmizdə keçirilməsi BMT-nin və dünya ölkələrinin Azərbaycana etimadıdır.

Dünyada iqlim dəyişiklikləri qlobal bir problemə çevrilib. 

Yaşıllıqların məhvi atmosferdə tullantıların çoxalması və insanların ekoloji problemlərlə üzləşməsinə gətirib çıxarır. 

Dünya ölkələri məhz COP29 tədbirlərində bir araya gələrək bu kimi problemlərin aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirməyi planlaşdırır. Təbii ki, bununla Azərbaycan da COP29-a öz töhfəsini vermiş olacaq. Azərbaycan uzun illərdir neft və qazdan istifadə edir, eyni zamanda yaşıl enerjiyə keçid istiqamətində də mühüm layihələr həyata keçirir”. 

Politoloq bildirib ki, Azərbaycan iqlim dəyişilmələri üzrə problemlərdən çox narahatdır və bu istiqamətdə ekoloji tarazlığın normallaşması istiqamətində də dövlət siyasəti, dövlət proqramları həyata keçirir:

“COP29 sammitinin Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. 

Bununla Azərbaycan dünyada artıq stabil qlobal sistemin aparıcı bir subyekti olmasını sübut edir. Həmçinin, bu möhtəşəm tədbir bütün dünyada Azərbaycanın tanınmasına və vətəndaşlarına hörmətin artmasına gətirib çıxarır. COP29 həm Azərbaycan, həm də region üçün mühüm aktual məsələlərin həlli və bundan sonra qəbul edilmiş qərarların icrası ilə yadda qalacaq. Çünki praktikada əldə olunan və qəbul edilən razılaşmalar həyata keçirilsə, həm Azərbaycan çiçəklənəcək, həm də regionumuz inkişaf edəcək”. 

Избранный
38
cebheinfo.az

1Источники