Ekspertlər Çinin özəl neft emalı zavodunun Qərbi Afrika neftini almasını qeyri-adi hadisə kimi qiymətləndirirlər.
Reyting.az “Bloomberg”ə istinadla bildirir ki, “Çinin Landbridge Petrochemical Co” şirkəti yanvarda tədarük üçün Mostar sortu daxil olmaqla 2 milyon barel alıb. Əvvəllər belə alıcılar Rusiyanın ESPO neftinə, eləcə də İran xam neftinə üstünlük verirdilər. İndi Afrikadan neft alınmasının səbəbləri kimi qısa çatdırılma yolları və aşağı qiymətlər göstərilir.
Çinin Afrika neftini alması Tramp administrasiyasının ABŞ-nın İran xammalına qarşı sanksiyalarının tətbiqi ilə əlaqədar siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda baş verir. Ekspertlər hesab edirlər ki, Donald Trampın prezidentliyi dövründə Tehran daha sərt məhdudiyyətlərlə üzləşə bilər.
Rusiya Federasiyasına gəlincə, hələlik onun üçün vəziyyət kritik deyil. Lakin Çinin Rusiya neftindən daha da imtina etməsi büdcəsi əsasən neft gəlirlərindən asılı olan Moskva üçün əsl fəlakətə çevrilə bilər.
Xatırladaq ki, Trampın son seçkilərdəki qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Bunun səbəbləri sırasında Amerika neft sənayesini aktiv şəkildə inkişaf etdirmək niyyəti də var. Bundan əlavə, Tramp Çin iqtisadiyyatına təzyiq göstərəcəyini vəd edib ki, bu da neftə tələbatın zəifləməsinə səbəb ola bilər.
Onu da qeyd edək ki, Trampın inauqurasiyasından sonra Rusiyanın neft və qaz sənayesinin təhlükə altında olacağı deyilir. Çünki yeni administrasiya Avropanı daha aktiv şəkildə Rusiyanın qalıq yanacaqlarını əvəz edəcək vasitə axtarmağa məcbur edə bilər.