Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlir
“SOCAR, Azərbaycanın milli neft-qaz şirkəti olaraq, 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə çataraq ölkənin enerji lideri olmağı planlaşdırır”.1news.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi ilə bağlı tədbirdə açıqlama verib. K.Nəcəfov qeyd edib ki, bu məqsədə çatmaq niyyətlərini COP28-də elan ediblər. “Hazırda biz bu transformasiya yolundayıq. Bu hədəfə üç mərhələdə nail ola bilərik. Birinci mərhələ - dekarbonizasiyadır. Bu mərhələdə biz dekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadə edirik. İkinci mərhələ təşkilati transformasiyadır və bu çərçivədə bərpa olunan enerji sahəsində düşüncə tərzimizi formalaşdırmaq istəyirik. Üçüncü mərhələdə isə beynəlxalq tərəfdaşlarımızla birgə hidrogen, günəş və külək enerjisi əsasında bizneslər qurmağı planlaşdırırıq,” - SOCAR-ın vitse-prezidenti əlavə edib.