RU

Azərbaycan Avropaya yaşıl enerji ixrac edəcək

Ölkəmiz COP29-da qəbul ediləcək qərarların icrasına öz töhfəsini verəcək

Müstəqil xarici siyasət yürüdən Azərbaycan qlobal beynəlxalq problemlərin həllində əsas iştirakçı dövlətə çevrilib. Təkcə irəli sürdüyü təşəbbüsləri ilə deyil, eləcə də atdığı konkret addımlarla beynəlxalq təşkilatların diqqətini çəkib. Hazırda Azərbaycanın beynəlxalq arenada oynadığı rol kifayət qədər çoxşaxəlidir. Siyasi tərəfdaşlıqdan tutmuş humanitar, iqtisadi əməkdaşlığa qədər bütün sahələrdə ölkəmizin yeri əvəzedilməzdir. Ölkəmizin Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfələri dediklərimizin bariz nümunəsidir. Məhz bu kimi amillər ölkəmizin beynəlxalq imicinin formalaşmasında müsbət rol oynayır. Elə 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Onu da qeyd edək ki, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycanın coğrafi mövqeyi müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratması üçün zəmin yaradır. Heç şübhəsiz ki, Azərbaycan ev sahibi kimi COP29-da qəbul ediləcək qərarların icrasına da öz töhfəsini verməkdə davam edəcək. Belə ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev məhz Azərbaycanın Yaşıl gündəliyi haqqında qarçısına qoyduğu məqsədləri açıqlayıb: "Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq". Göründüyü kimi, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları yaradıb. Hazırda da Azərbaycanın Yaşıl gündəliyi və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirməkdədir. Konkret olaraq Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi işlənməkdədir. Həmçinin, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Dövlət başçısı diqqətə çatdırıb ki,  bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır: "Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir".
Prezident İlham Əliyev ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyən dairələrə də mesajını verdi.  Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsinin qərəz və riyakarlıq olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Qərb dairələri COP29-u boykotu təşviq etdilər. Amma COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, onlara ən yaxşı cavabdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники