RU

Azərbaycanın üç enerji təşəbbüsü öhdəliklərin uğurla yerinə yetirilməsini dəstəkləmək üçün konkret həllər təklif edir - Nazir

Azərbaycanın 5 əsas komponentdən ibarət olan 3 enerji təşəbbüsü COP28 öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təklif edir.

Olaylar xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Bu təşəbbüslər bərpa olunan enerji güclərinin üç dəfə artırılmasını və enerji səmərəliliyinin iki dəfə artırılmasını nəzərdə tutur. Təşəbbüslərdən biri "Yaşıl Enerji Təşəbbüsü"dür (Green Energy Pledge), yaşıl enerji dəhlizləri və zonalarının yaradılmasını təşviq edir. Yaşıl enerji dəhlizləri bərpa olunan enerjinin genişmiqyaslı ötürülməsi üçün effektiv həll yoludur və əsas istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək enerji potensiallı resurslardan istifadə etməyə imkan verir.

Yaşıl enerji dəhlizlərinin inkişafı üçün əsas prioritetlərə regional əməkdaşlığın təşviqi, uyğun normativ-hüquqi çərçivələrin yaradılması, davamlı maliyyə mexanizmlərinin təmin edilməsi və HVDC kabel istehsalının genişləndirilməsi daxildir", - deyə o bildirib.

Nazirin sözlərinə görə, ikinci təşəbbüs "Yaşıl Saxlama və Şəbəkələr üzrə Qlobal Öhdəlik"dir (Global Pledge on Green Energy Storage and Grids) və 2030-cu ilədək enerji saxlanması sistemlərinin quraşdırılmış güclərinin altı dəfə artırılaraq 1500 giqavatt həcmə çatdırılmasını hədəfləyir.

"Bu kollektiv məqsədə enerji saxlanması sistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqi kimi elementlər də daxildir. Təşəbbüsün digər komponenti enerji şəbəkələri və ötürmə sistemlərinə investisiyaların artırılmasına, mövcud infrastrukturun modernləşdirilməsinə və genişləndirilməsinə yönəlib.

Bu təşəbbüs çərçivəsində 2030-cu ilədək dünya üzrə 25 milyon kilometr, 2040-cı ilədək isə əlavə 65 milyon kilometr şəbəkə əlavə etmək və ya modernləşdirmək məqsəd qoyulub. Bu təşəbbüs dəyişən bərpa olunan enerjini dəstəkləmək, yaşıl enerjinin böyük həcmlərini şəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasında sabit balansı təmin etmək üçün mövcud şəbəkə infrastrukturunun məhdudiyyətlərini aradan qaldırmaq baxımından strateji əhəmiyyət daşıyır", - P.Şahbazov əlavə edib.

Nazir qeyd edib ki, üçüncü təşəbbüs "COP29 üzrə Hidrogen Deklarasiyası" (COP29 Hydrogen Declaration) adlanır.

"Hidrogen sıfır emissiyalı gələcəyə doğru güclü enerji mənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha ekoloji və dayanıqlı edəcək, bərpa olunan enerjinin potensialını tam şəkildə reallaşdırmağa imkan yaradacaq. Hidrogen üzrə deklarasiya hidrogen sektorundakı ambisiyaları və onun enerji keçidindəki rolunu dəstəkləyən birgə öhdəlikləri, eləcə də, hidrogen standartlarının və sertifikasiyasının təşviqinə yönəlmiş tədbirləri əhatə edir", - deyə P.Şahbazov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
1
olaylar.az

2Источники