RU

Evdə “buz dövrü”: Yeni binalar da mərkəzi istilik sisteminə qoşulacaq?

Bakıda yeni tikilən binaların əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmur. Ona görə də yeni tikililərin sakinləri evi kombi və digər avadanlıqlarla isitmək məcburiyyətində qalırlar. Bu isə mənzil sahibləri üçün əlavə xərc deməkdir. Çünki qazanxanası olan binada yaşayanlar digər sakinlərlə müqayisədə təxminən 2 dəfə az pul ödəyirlər.

Yeni tikililərin vahid istilik sisteminə qoşulması mümkündür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, yeni binalarda bu sistemin tətbiqi o qədər də real deyil:

“İstilik sistemi, məlum olduğu kimi, sovet dövründən qalma bir mexanizmdir və hazırda köhnə binaların isidilməsi məhz bu vasitə ilə mümkündür. Yeni tikililər isə artıq yeni yanaşma tələb edir. Hazırda həmin tikililərin ya ümumi qazanxanası olur, ya da vətəndaşlar öz evlərini kombi vasitəsi ilə qızdırırlar.

Ümumən paytaxtda istilik enerjisinin təchizatı idarəsi bütün paytaxt ərazisini təmin etmək iqtidarında deyil. Yəni konkret miqyas baxımından yalnız köhnə binaları əhatə etmək üçün kifayət edəcək qədər gücə və enerji mövcuddur”.

Vüqar Oruc mənzillərdə ən təhlükəsiz və problemsiz istilik metodunun məhz kombi olduğunu qeyd edib:

“Ümumiyyətlə, bu sahənin imkanlarının genişləndirilməsinə, şəbəkənin böyüdülməsinə hər hansı bir maliyyə yatırımı etmək də məqsədə müvafiq deyil. Çünki problemin daha təhlükəsiz və daha kreativ həlli var. Kombi sisteminin ayrı-ayrı mənzillərə çəkilməsi və isitmənin təmin olunması daha mütərəqqi haldır.

Təsəvvür edin ki, hər il noyabrın 15-dən istilik verilir və bir çox hallarda köhnə binalarda bu günə qədər vətəndaşlar öz hesabına, müxtəlif vasitələrlə həmin istilik problemini həll etməyə məcbur qalır. Halbuki fəsillər mütləq şəkildə noyabrın 15-də dəyişmir və bir çox hallarda vətəndaşlar yaranan vəziyyətdən şikayət edirlər”.

Избранный
9
6
hurriyyet.az

7Источники